“Oktyabrın 28-də Azərbaycan Prezidenti yenidən bölgələrə səfəri çərçivəsində ölkəmizin Qəbələ və Ağdaş rayonlarında bir sıra infrastruktur və istehsal obyektlərinin açılışında iştirak edib. Belə ki, Ağdaşda yenidən qurulan Qolqəti-Dəhnəxəlil- Qoşaqovaq-Ərəbocağı avtomobil yolu ötən gün Dövlət başçısının iştirakı ilə yenidən istifadəyə verildi”. Bu fikirləri SİA-ya Milli Məclisin Ağdaş rayonundan seçilən deputatı Cavid Osmanov Prezident İlham Əliyevin ötən gün Ağdaşa səfərini şərh edərkən deyib.O bildirib ki, Qolqəti-Dəhnəxəlil- Qoşaqovaq-Ərəbocağı avtomobil yolu bir neçə kəndi əhatə etməklə yanaşı 10 mindən çox kütləni əhatə edir: “Bununla yanaşı ötən gün uzun müddətdir davam edən və vacib layihə olan Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri də istismara verildi. Artıq bununla 35 min insan təmiz sudan istifadə etməyə başlayıb. Eyni zamanda Biyan sənaye parkının açılışı oldu ki, bu, analoqu olmayan bir haldır. Ümumi sahəsi 11 hektar olan Parkda biyan kökü həm tədarük, həm də emal olunur”.Prezident İlham Əliyevin ötən gün Ağdaşa səfəri zamanı Telekommunikasiya Qovşağının da yenidən istifadəyə verildiyini vurğulayan C. Osmanov söyləyib ki, bununla yanaşı ölkə başçısına rayonda daha bir yolun artıq hazır olaraq istifadə verilməsi ilə bağlı məlumat verildi: “Bütün görülən işlər əlbəttə ki, Prezident İlham Əliyevin Ağdaşa, eləcə də digər regionlara olan diqqət və qayğısının nəticəsidir. Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismarı insanların sağlamlığı üçün çox mühümdür. Dövlət başçısı da ötən gün Ağdaşın digər rayonlarında içməli su təchzatının yaxşılaşdırılması ilə bağlı işlərin görüldüyün qeyd etdi. Bununla da həmin kəndlərdə də yaxın zamanlarda içməli su təchizatı və kanalizasiya sistemləri ilə bağlı problem kökündən həllini tapacaq”.C.Osmanov qeyd edib ki, Ağdaşda Biyan sənaye parkının açılışı ilə rayonda 500-600 yeni iş yerlərinin açılması təmin olunub: “ Bunu, həm əhalinin sosial rifah halının yaxşılaşdırılması, həm də Azərbaycan brendi adı altında dünya bazarına çıxacaq məhsulunun təqdimatı kimi növbəti uğur adlandırmaq olar”.Ağdaşda elektrik enerjisinin yenidən qurulmasından sonra rayonda insanların fasiləsiz, yüksək keyfiyyətli səviyyəli elektrik enerjisi ilə təmin olunacağını deyən millət vəkili qeyd edib ki, bu həm də istehsal müəssisələrinin fəaliyyətinin də gücləndirilməsinə xidmət edəcək: “Bildiyiniz kimi, yol həm mədəniyyət, həm də iqtisadiyyatdır. Yol açılışı həm rayonda yaşayan insanlar şəhərin mərkəzinə rahat şəkildə gəlməsi, həm kənd təsərrüfatı məhsullarının rahat formada bazara çıxarılması,həm də sahibkarların fəaliyyəti üçün çox əlverişli şərait yaradır”.C. Osmanov əlavə edib ki, ümumilikdə ölkə başçısının ötən gün Ağdaşa səfəri çox əlverişli və əhəmiyyətli idi: “Bu səfər rayon sakinlərinə həm iqtisadi, həm sosial, həm də sağlamlıq baxımından göstərilən diqqət və qayğının göstəricisi kimi qiymətləndirilməlidir. Ağdaş sakinləri bu diqqətə görə ölkə başçısına minnətdarlıq hissi duyur, gələcək layihələrin həyata keçirilməsi ilə bağlı verilən tapşırıqlara görə cənab Prezidentə təşəkkürlərini bildirirlər”.
sia.az