“Yalanlar üzərində qurulan erməni diplomatiyasını əsaslandırmaq hətta Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan üçün də çox çətindir. Onun BBC telekanalının "Hard Talk" verilişində olması və verilişin aparıcısı Stefen Sakurun sualları qarşısında aciz qalması ölkəsinin acınacaqlı durumda olduğunu bir daha göstərmiş olur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.BBC-nin aparıcısının Paşinyandan sitat gətirərək Ermənistanda korrupsiyanın kökünün tamamilə kəsilməsinin həqiqətə bənzəmədiyini, eyni zamanda Azərbaycanla Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsinə Paşinyan iqtidarının yeni bir ideya və təsəvvür gətirilməsi barədə inandırıcı dəlillərin olmadığını vurğulamasına Mnatsakanyanın “Dağlıq Qarabağ münaqişəsinin Ermənistana və erməni xalqının təhlükəsizliyinə böyük təhdiddir” söyləməsi həyasızlığın nümayişidir: “İşğalçı ölkənin naziri bunun minlərlə Ermənistan vətəndaşı üçün ən əsas təhlükəsizlik məsələsi olduğunu vurğulayır, halbuki, bizə məlumdur ki, bölgədə sülhə və təhlükəsizliyə ən böyük təhdid Ermənistanın işğalçılıq siyasətidir”.N. Məmmədova söyləyib ki, Ermənistan diplomatiyasının rəhbərinin belə yalan danışması bizim üçün yeni bir hal deyil: “ Lakin o bu addımı ilə BBC-nin efirindən ölkəsini bir daha ifşa etmiş oldu. Fikrimcə, müsahibənin ən maraqlı yerlərindən biri jurnalist Stefan Sakurun "əgər siz sülh istəyirsinizsə, niyə cəmi bir neçə ay əvvəl - avqust ayında Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" deyib” söyləməsi oldu. Paşinyanın israrla sülh istədiyini iddia etməklə Mnatsakanyan yenidən qeyri-səmimilik nümayiş etdirib. Ermənistan xarici işlər nazirinin erməniləri qlobal vizyonu olan xalq kimi təsvir etməyə çalışması da cəfəngiyatdan başqa bir şey deyil. İşğalçı, soyqırımına bəraət qazandıran xalq bəşəri sivilizasiyaya heç bir töhfə verə bilməz və bu, BBC efirində bir daha sübut olundu”.Politoloq düşünür ki, BBC kanalının obyektiv yanaşması Azərbaycanın uzun illərdir apardığı işin nəticəsidir: “Baxmayaraq ki, hazırkı Ermənistan iqtidarı da Britaniyanın rəğbətini qazanmaq üçün bir çox cəhdlər etdi, məsələn, "Amulsar” qızıl mədəninin istismarını ingilis şirkətinə verdi və s. Lakin Ermənistan xarici işlər naziri növbəti dəfə yalanları ilə ölkəsinin ifşa olunmasının qarşısını ala bilmədi”.
sia.az