“Azərbaycanın Qoşulmama Hərəkatının Zirvə Görüşünə ev sahibliyi və sədrlik etməsi bir sənədlə yekunlaşmır. Hərəkata sədrliyin 3 müddətində Azərbaycana həvalə edilməsi nəticəsində ölkəmiz bu müddət ərzində beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını gündəmdə saxlayacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.O bildirib ki, bu müddət ərzində Azərbaycan BMT-də, ATƏT və eləcə digər təşkilatlarda məhz hüququn aliliyini müdafiə edərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini misal kimi gətirəcək.Deputat söyləyib ki, Qoşulmama Hərəkatının əsas prinsipləri bütün dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi, hüququn aliliyinin qorunması, kiçik ölkələrin böyük ölkələr qarşısında hüquqlarının təmin olunmasıdır: “Azərbaycan da məhz bu amilləri əsas götürərək, ölkəmiz üçün də zəruri olan məsələləri beynəlxalq təşkilatlarda gündəmdə saxlayacaq. Hesab edirəm ki, ölkəmiz bu fürsətdən uğurla istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yeni sənədlərin qəbuluna nail olacaq”.Prezident İlham Əliyevin Bakıda keçirilən Zirvə Görüşündə dünyada ikili standarlılığa son qoyulması ilə bağlı çağırış etdiyini xatırladan A. Mollazadə qeyd edib ki, Dövlət başçısının təşkilata sədrlik etməsi dünyaya haqsızlığı çatdırmaq üçün çox gözəl imkan idi.Ermənistana gəlincə, deputat işğalçı ölkənin müstəqil qərara qəbul etmək iqtdarında olmadığını dilə gətirib: “Ermənistan istənilən vəziyyətdən istifadə edərək mövcud status-kvonu qoruyub sağlamağa çalışır. Lakin biz beynəlxalq səviyyədə Ermənistana təzyiq yollarını düşünməli və buna nail olmalıyıq”.
sia.az