Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi) layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən Şuranın sədri Azay Quliyev "SƏLİS"- Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi barədə məlumat verib.O deyib ki, SƏLİS-in vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ tətbiqdir. SƏLİS-i yaratmaqda məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT-Dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir: "Prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq göstərdiyi xidmətləri tam elektronlaşdırmaq və keyfiyyətini yaxşılaşdırmaq, istifadəçilər üçün daha rahat və əlçatan edərək QHT məmnunluğunu təmin etmək üçün 2019-cu ildə 20 yeni elektron xidməti istifadəyə verib. Bununla da Şura elektron hökumətə keçidi tam olaraq başa çatdırıb. Bu xidmətlər SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi adı altında elektron bazada birləşdirilib"Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, SƏLİS-in yaradılması, təqdimatının keçirilməsi bundan sonrakı dövrdə həm qrant verənlərin, həm qrant alanların, həm də bu xidməti həyata keçirənlərin işini həm yüngülləşdirəcək. Həm də şəffaflaşdıracaq: "Azərbaycan dövləti 27 ildir ki, müstəqilliyini yaşayır, 1993-cü ildən başlayaraq Azərbaycanda Ümummilli Lider başda olmaqla, müstəqil Azərbaycan dövlət quruculuğu prosesinin iştirakçılarıyıq. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin ciddi dəstəyi ilə Konstitusiya qəbul olundu, çoxpartiyalı sistem əsasında parlament seçkiləri keçirildi və Azərbaycan dövlətinin gələcək inkişafının təməl prinsipləri müəyyən olundu. Bu təməl prinsiprlərin siyasi yöndə əsas strategiyası ondan ibarət idi ki, Azərbaycan demokratik inkişaf, plüralist cəmiyyət quruculuğu, hakimiyyət uğrunda yarışın çoxpartiyalı sistemlilik əsasında həyata keçirilməsi, bazar iqtisadiyyatı kursunu seçdi. Nəhayət, Azərbaycan vətəndaşlarının ideya və təşəbbüslərinin dəstəklənməsi, yəni vətəndaş cəmiyyətinin formalaşması normalarını seçdi və bərqərar etdi".Daha sonra çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova söyləyib ki, insan cəmiyyəti hər zaman inkişafa meyllidir: "Bunun üçün müasir standartlar, təcrübələr var. Azərbaycan qədim demokratiya ənənəsinə sahib olan ölkə kimi belə nümunələri öz həyatında daha şəffaf şəkildə tətbiq imkanına malik olduğunu göstərir. SƏLİS layihəsinin başlanmasından keçən müddətdə proseslə yaxından tanış olmuşam. QHT-lərin fəaliyyətində müəyyən narahatlıqlar var idi ki, bu problemin aradan qaldırılması üçün mükəmməl elektron xidmət ortaya qoyulub. Burada elektron vətəndaş və elektron appelyasiya xidmətini xüsusi qeyd etmək istəyirəm. Bu gün hər bir vətəndaşımız, QHT yolu ilə ölkəmizə xidməti yol tutan şəxslərin bütün qurumlarla əlaqələri elektron şəkildə şəffaf fəaliyyəti təmin edilir".B.Muradova söyləyib ki, ölkəmizdə vətəndaş cəmiyyətinin yüksək səviyyədə fəaliyyəti üçün Prezidentin siyasi iradəsi, dövlətin maliyyəsi ortadadır, əsas məsələ vətəndaş cəmiyyət münasibətlərində QHT-lərin xidmət göstərmələridir. QHT Şurasının SƏLİS layihəsi vasitəsilə bütün donor təşkilatları cəlb edilərək ideyaların irəli sürülməsi, layihələrin yazılması, maliyyənin ayrılması, xərclənməsi, appelyasiyadan keçməsi məsələləri vətəndaşların diqqət və nəzarəti altında olacaq. Vətəndaş Cəmiyyəti qurumları, problemlərin həllini öz üzərinə götürən insanlar məsuliyyətli özləri olacaqlar. Məni razı salan məsələlərdən biri appelyasi prosesidir. Burada heç nə gizli qalmır və proses bütün narahatlıqlara son qoyur. Layihənin həyata keçirilməsində dəstək göstərən hər kəsə təşəkkür edirəm. Hesab edirəm ki, bu layihənin beynəlxalq təşkilatlarda və xarici ölkələrdə təqdimatı keçirilməlidir. Layihənin xüsusilə də ATƏT-də təqdimatının keçirilməsini təklif edirəm".Daha sonra Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında deyib ki, "SƏLİS əlçatanlılığı təmin edir: "Sistem müasir idarəetməyə tam uyğundur. SƏLİS həm də şəffaflığı təmir edir. Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlər uğurla icra olunur".BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai deyib ki, Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin inkişafı üçün adtığı addımları BMT alqışlayır: "SƏLİS və bu tipli digər layihələrə dəstək verməyə hazırıq. Ümid edirik ki, SƏLİS qarşıdakı 1 il müddətində özünü doğruldacaq".Sonda SƏLİS-in yaradılmasında xidməti olan Şura əməkdaşları təltif olunub.
sia.az