Siyasət

  • 3 648

ATƏT-in Baş katibi: Etimadın möhkəmlənməsi tədbirləri öz müsbət nəticələrini verməlidir

image

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Bratislavada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasında planlaşdırılan görüşünün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yeni dinamika verəcəyinə ümid edirik.

Bu fikri ATƏT-in Baş katibi Tomas Qreminger Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında səsləndirib.
Baş katib ümidvar olduğunu bildirib ki, danışıqlar prosesinin iştirakçıları tezliklə etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə başlayacaqlar. O deyib: “Deyə bilərəm ki, danışıqlar prosesinin dinamikası yəqin ki, bir az zəifləyib. Bununla belə, biz ümidvarıq ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Bratislavada ATƏT-in Xarici İşlər Nazirləri Şurasında keçirilməsi planlaşdırılan görüşü bu prosesə yeni dinamika verəcək. Məmnunluqla qeyd edirik ki, hər iki tərəf təhlükəsizlik sahəsində sabit vəziyyəti qoruyub saxlayır. Bu, çox vacibdir, çünki təmas xəttinin hər iki tərəfində insanların həyatda qalması təmin olunmalıdır. Bu, həm hərbçilərə, həm də mülki əhaliyə aiddir. Təbii ki, etimadın möhkəmləndirilməsi üçün tədbirlər görülməlidir. Onlardan bir neçəsi, məsələn, Yerevan və Bakı arasında birbaşa əlaqənin yaradılması artıq həyata keçirilib. Bunların hamısı öz müsbət nəticələrini verməlidir. Bəzi məqamlar üzrə danışıqlarda irəliləyiş yoxdur. Girovların mübadiləsi və jurnalistlərin qarşılıqlı səfərləri bu qəbildəndir. Ümidvaram ki, biz tezliklə etimadın möhkəmlənməsi üzrə bu tədbirləri də reallaşdıra biləcəyik”.

yap.org.az

Digər xəbərlər