Siyasət

  • 4 035

Bakı yeni inkişaf dövrünü yaşayır

image

Prezident İlham Əliyev: “Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaqdır”

Bu gün hər sahədə qazandığımız uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi dayanır. Ötən 16 il ərzində Azərbaycan həm bölgədə, həm də dünya miqyasında ən sabit və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Bu inkişaf göstəriciləri insanlarda qəti bir əminlik formalaşdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara və zəfərlərə imza atacaq.

Ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramları hazırlanıb, işlək mexanizmlər əsasında həyata keçirilib. Ən müxtəlif sahələrdə intibah prosesi geniş vüsət alıb. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların balanslı və davamlı inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edib. Bu gün Azərbaycan nümunəvi inkişaf modelinə malik olan ölkəyə çevrilib.

BAKI ŞƏHƏRİ ABADLAŞIR, QURULUR, İNFRASTRUKTUR LAYİHƏLƏRİ İCRA EDİLİR

Belə bir inkişaf yolu keçən Azərbaycanın paytaxtı Bakı da bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən, Bakı şəhərinin inkişafının daim diqqət mərkəzində olduğunu bildirib: “Bilirsiniz ki, mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən, mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı, doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir”. Bakı şəhəri abadlaşır, qurulur, burada infrastruktur layihələri icra edilir. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakının bütün rayonlarında, o cümlədən, qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilib, yeni məktəblər, xəstəxanalar, poliklinikalar tikilib, mövcud binalar əsaslı təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə verilib. Prezident İlham Əliyev, mütəmadi olaraq, Bakının rayonlarında və qəsəbələrində olur, görülən tədbirlərlə, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir.

Qəsəbələrin simasının dəyişdirilməsi, yaşıllıqların genişləndirilməsi istiqamətində atılan addımlar rayon sakinlərinin rahat yaşayışının təmin edilməsinə yönəlib. Yolların kənarında yaşıllıq zolaqları genişləndirilir. Cənab Prezident əvvəlki illərdə şəhərin havasını çirkləndirən mənbələrin artıq aradan götürüldüyünü bildirib. Onun sözlərinə görə, keçmiş Balaxanı zibilxanasının buraxırdığı tüstü nəticəsində havanın keyfiyyəti böyük dərəcədə aşağı düşmüşdü və insan sağlamlığına böyük zərər verirdi: “İndi keçmiş Balaxanı zibilxanasının yerində müasir poliqon qurulub və zibilin çeşidlənməsi, bərk məişət tullantılarının yandırılması istiqamətində böyük addımlar atılıb, böyük investisiyalar qoyulub, zibilyandırma zavodu inşa edilibdir. Biz bu ekoloji fəlakət mənbəyini aradan götürdük”. Dövlət başçısı digər ekoloji fəlakət mənbəyi kimi, Bibiheybət neft mədənlərinin olduğunu vurğulayıb: “Oradakı vəziyyət, ümumiyyətlə, çox acınacaqlı idi, neftlə çirklənmiş yerlər, gölməçələr. Bunların hamısı aradan götürüldü. İndi orada gözəl park salınıb və vətəndaşların sərəncamına verilib. Eyni zamanda, idman şəhərciyi yaradılıb, müasir idman hovuzu, digər ictimai obyektlər tikilib”.

“XOŞAGƏLMƏZ HALLARA YOL VERİLMƏMƏLİDİR, VƏTƏNDAŞLARA MAKSİMUM DİQQƏT GÖSTƏRİLMƏLİDİR”

Cənab Prezident görülən bu və ya digər işlərlə yanaşı, şəhərin təsərrüfatının yeniləndiyini və müvafiq sərəncamların verildiyini, qərarların qəbul edildiyini diqqətə çatdırıb. Prezidentin Ehtiyat Fondunun vəsaiti hesabına lift təsərrüfatı yenilənir, nümunəvi həyətlər qurulur. Dövlət başçısının Sərəncamı ilə Bakı şəhərinin lift təsərrüfatını inkişaf etdirmək üçün 32 milyon manat vəsait ayrılmışdır. Almaniyanın tanınmış “Wittur” şirkəti ilə bağlanılan müqavilə əsasında bu günədək Bakıya 430 lift gətirilib. Onlardan 130-u artıq istifadəyə verilib. Bu proses davam etdirilir.

Bu gün paytaxtımızda Prezidentin tapşırığınıza uyğun olaraq, 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıbdır. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib. Şəhərdə 380 binanın dam örtüyünü təmir etmək nəzərdə tutulsa da, artıq 420 binanın dam örtüyü təmir ediləcək.

Cənab Prezident bütün bunlarla yanaşı, öz tapşırıq və tövsiyələrini də verib. Rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqətin yüksək səviyyədə olmasını qeyd edib: “Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər. Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil”.

Cənab Prezident şəhərin hər bir yerinin abad olmasını da bildirib: “Bəzi yerlərdə, ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var. Mən artıq bu barədə Azəravtoyol Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. Onlar da, əlbəttə ki, özlərini Bakıda rahat hiss etməlidirlər... Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət - bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaqdır. Biz şəhərimizi inkişaf etdirməliyik. Bir daha demək istəyirəm ki, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaqdır”.

Əlbəttə ki, ölkənin iqtisadi və maliyyə imkanları genişləndikcə, bu, hər bir rayonun, qəsəbənin, bölgənin, həmçinin, insanların gündəlik həyatında özünü büruzə verir. İqtisadiyyatın güzgüsü isə dövlət büdəcsidir. Dövlət büdcəmizin ildən-ilə artması sosial-iqtisadi islahatların uğurlu icrasından xəbər verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər