Azərbaycanda mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsini gündəmə gətirməliyik. Ən əsası isə çap məhsulları üzərindən ƏDV-ləri götürməliyik. SİA-nın məlumatına görə, bu təkliflə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.Ə.Amaşov bildirib ki, hazırda Azərbaycanda islahatlar gedir: “Həmkarlarımız da çıxışlarında media sahəsində də islahatların aparılmasını səsləndirirlər. Bu fikirlərinə görə onlara təşəkkür edirəm, ancaq kimsə düşünməsin ki, mediamız zəifdir və jurnalistlərimizin peşəkarlığı aşağı səviyyədir. Əsla belə deyil. Medianı daha da güclü görmək üçün ilk növbədə onların iqtisadi müstəqilliyini artırmalıyıq.Media varlı olmalıdır. Əgər media varlı olarsa, daha azad, müstəqil və peşəkar olar. Bu da əsasən reklamla bağlıdır. Dünyada medianın gəlirlərinin 80 faizi məzh reklam vasitəsilə formlaşır. Azərbaycanda isə bu göstərici çox aşağıdır. Hətta demək olar ki, yoxdur. Bununda obyektiv və subyektiv səbəbləri var. Kölgə iqtisadiyyatına, monopoliyaya qarşı mübarizənin gücləndiyi, şəffaflığın artdığı bir şəraitdə reklam bazarının genişləndirilməsi üçün yollar axtarmalıyıq”.
sia.az