Prezident İlham Əliyev: “Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi”
Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı bir çox məqamlara toxunaraq, 70 il ərzində gənclər şəhəri adlanan Sumqayıtın tarixi, inkişaf yolu keçdiyini, xüsusilə də, 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra, bu şəhərə ən böyük qayğı göstərildiyini vurğulayıb. Dövlət başçısı, xüsusilə, onu da bildirib ki, bu qayğı 1982-ci ildə Ulu Öndərin Moskvaya getməsi ilə Sumqayıtın tənəzzül dövrü başladı.
“Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində, artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı”
Ulu Öndərin Moskvaya getməsi ilə, Azrbaycanın hər yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başladı. Dövlət başçısı çıxışında, bu məqamlara toxunaraq bildirib ki, bütün bunlar Sovet İttifaqında dırnaqarası yenidənqurma siyasətinin ağır nəticələri idi: “1982-ci ildə Ulu Öndər Heydər Əliyev Moskvaya gedəndən sonra, Azərbaycanın hər bir yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlamışdır. O vaxtkı respublika rəhbərliyi öz məsuliyyətini tam dərk etmirdi, proseslərə nəzarət etmirdi və bunun nəticəsində, Azərbaycanda inkişaf demək olar ki, getmirdi, durğunluq dövrü başlamışdı. Heydər Əliyev Siyasi Büronun üzvü və Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycana daim kömək və diqqət göstərirdi, buna baxmayaraq, respublikada işlər tənəzzülə uğrayırdı. Xüsusilə, 1985-ci ildən sonra Sovet İttifaqında dırnaqarası yenidənqurma dövrü başlamışdı. Həm Sovet İttifaqında çox mənfi proseslər getməyə başlamışdı, o cümlədən, Azərbaycanda. Təsadüfi deyil ki, dırnaqarası yenidənqurma siyasəti başlanandan 6 il sonra Sovet İttifaqı kimi nəhəng dövlət çökdü”.
Dövlət başçısı 1985-ci ildə Sovet İttifaqının yenidənqurma siyasəti nəticəsində, Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini vurğulayıb: “1985-ci ildə Azərbaycan da böyük çətinliklərlə üzləşmişdi. Çünki həm iqtisadi sahədə durğunluq hökm sürürdü, eyni zamanda, erməni millətçiləri baş qaldırmışdı, həm Dağlıq Qarabağda, həm də respublikamızın digər yerlərində, o cümlədən, Sumqayıtda. Ulu Öndər Heydər Əliyevin dövründə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti kəskin artmışdır, 2 dəfə artmışdır və azərbaycanlı əhali 30 faizə çatmışdır. Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində, artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb, Ermənistana vermək haqqında məsələ qaldırırdılar”.
“Azərbaycan
Respublikasının
rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı,
öz məsuliyyətini dərk
etmirdi və beləliklə,
vəziyyəti nəzarətdən
buraxmışdı”
Prezident İlham Əliyev çıxışı zamanı 1985-ci ildən sonra Sovet İttifaqında milli siyasət sahəsində çox kobud səhvlərə yol verildiyini bildirmiş və eyni zamanda, Azərbaycanın o dövrdəki rəhbərliyi də milli siyasət məsələsinə biganə və məsuliyyətsiz yanaşırda: “Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada xoşagəlməz proseslərə, artıq təkan verilmişdi”.
“1985-ci ildən sonra Sovet İttifaqında milli siyasət sahəsində çox kobud səhvlər buraxılmışdır” deyən dövlət başçısı, xüsusilə, vurğulayıb ki, Sovet İttifaqını böyük, çoxmillətli ölkə kimi ayaqda saxlayan milli siyasət idi: “Müttəfiq respublikalarda yerli milli kadrların qabağa çəkilməsi adi təcrübə idi. 1985-ci ildən sonra bu sahəyə böyük zərbə vuruldu. Biz yaxşı xatırlayırıq ki, o vaxt, xüsusilə, müsəlman respublikalarına münasibət çox mənfi idi. Müsəlman respublikalarının rəhbərlərinə qarşı qarayaxma kampaniyaları aparılırdı. Ümumittifaq mətbuatında bu respublikalar haqqında ancaq mənfi materiallar dərc edilirdi. Bu respublikalara mərkəzdən istintaq qrupları göndərilmişdi və elə bir rəy yaradılmışdı ki, Orta Asiya respublikalarında və Azərbaycanda vəziyyət bərbaddır, vəziyyət kritik həddə çatıb və o respublikaları idarə edənlər vəzifə borcunu yerinə yetirə bilmirlər. Əlbəttə ki, hər bir respublikada pozuntular da, nöqsanlar da olmuşdur, ancaq digər respublikalarda da bunlar var idi. Nə üçün bu istintaq qrupları Ermənistana, Gürcüstana, Ukraynaya, Moldovaya və digər respublikalara göndərilmirdi? Ancaq Orta Asiya respublikalarına və Azərbaycana göndərilirdi. Beləliklə, Sovet İttifaqının təməl sütunu olan milli siyasət artıq deformasiyaya uğramışdır”.
“1987-ci ildə Heydər
Əliyev bütün vəzifələrdən gedəndən sonra
Azərbaycan hədəf seçildi”
Prezident İlham Əliyev, xüsusilə, çıxışı zamanı separatçıların cəfəng fikirlərlə ictimai rəyə təsir etməsinə imkan verildiyi məsələsinə də toxunaraq bildirib ki, bununla da, azərbaycanlılara qarşı açıq-aydın etnik ayrı-seçkilik toxumları səpirdilər: “O vaxt biz yaxşı xatırlayırıq ki, erməni millətçiləri, o cümlədən, cəllad Balayan, Kaputikyan və digərləri azərbaycanlılara qarşı açıq-aydın etnik ayrı-seçkilik toxumları səpirdilər. Ümumittifaq mətbuatında bu barədə açıq söhbət gedirdi və ümumiyyətlə, Azərbaycana qarşı ədalətsiz münasibət göstərilirdi. Bütün bunlar 1987-ci ildən sonra baş vermişdir. Çünki 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Azərbaycan hədəf seçildi. O dövrü təhlil edərkən, bir daha görürük ki, bütün bu hadisələr erməni millətçilərinin və onların havadarlarının məkrli planının bir hissəsi idi. Baxın, 1985-ci ildən sonra Heydər Əliyev Qorbaçovun yarıtmaz siyasətinə qarşı açıq şəkildə çıxış etmişdi, buna görə ona qarşı kampaniya başlamışdı, həm mərkəzi mətbuat orqanlarında, həm də ki, Azərbaycanda. Burada da milli satqınlar mərkəzə donoslar yazmağa başlamışdılar. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb, Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki Onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar. Onlar belə cəhdlər edirdilər, amma Heydər Əliyev bunun qarşısını layiqincə alırdı. Yəni plan Onu vəzifədən uzaqlaşdırmaq və bu məqsədlə buradakı yerli satqınlar, xainlər vasitəsilə donos göndərmək, erməni millətçiləri tərəfindən məsələ qaldırmaq idi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Beləliklə, iğtişaş törətmək, hansı ki Sumqayıtda baş verdi və ondan sonra məsələ qaldırmaq ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilmirlər. Buna görə də, Dağlıq Qarabağ Azərbaycandan ayrılıb, Ermənistana birləşdirilməlidir. Bax, plan bundan ibarət idi və əfsuslar olsun ki, bu plan həyata keçdi”.
RƏFİQƏ KAMALQIZI
əəə