“Azərbaycanın Birinci vitse-prezidentinin bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi məhz onun xoşməramlı səfir kimi gördüyü işlər, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır”. Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev bildirib.Politoloqun sözlərinə görə, bu gün Azərbaycan dünya ölkələri ilə münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurub və bu əlaqələr bir çox sahələri əhatə edir: “Ölkəmiz dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə əlaqələri də daim diqqətdə saxlayır. Göründüyü kimi, son zamanlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən bir sıra müqavilələr və sazişlər imzalanıb. Sözsüz ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da bu münasibətlərin inkişafında xidmətləri misilsizdir. Elə bu günlərdə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunması da bunun əyani sübutu oldu. Rusiya dövlət başçısının Nova-Oqaryovadakı iqamətgahında keçirilən görüşdə Mehriban xanım Əliyevaya Rusiya prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni təqdim edildi. Bunun bir daha Azərbaycan dövlətinə, Mehriban xanımın fəaliyyətinə verilən bir dəyər olduğu vurğulandı. Hər zaman yüksək təvazökarlığı və səmimiyyəti ilə seçilən Mehriban xanım Əliyeva “Bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir” deyərək, Rusiya Federasiyası ilə münasibətlərin Azərbaycanın xarici siyasətində çox mühüm yer tutduğunu vurğuladı.Arzu Nağıyev bildirib ki, Mehriban xanımın Rusiya səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə və inkişafına öz müsbət töhfələrini verəcək: “Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan tarixində xalqının, dövlətinin taleyində müstəsna rol oynamış, öz qərarları və atdıqları addımlarla xalqımızın gələcəyinə işıq tutmuş görkəmli qadınlarımız olub. Çox sevindirici haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin inkişafına həsr edən işgüzar, cəsarətli, vətənpərvər xanımlar mövcuddur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bu baxımdan müsbət örnək kimi göstərilə bilər. Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyəti Azərbaycan xalqının və dövlətinin maraqlarını əks etdirir. Danılmaz faktdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Heç də təsadüfi deyil ki, Fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Daha dəqiq desək, Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur”.
sia.az