Yeni Azərbaycan Partiyası "Xalq üçün" devizi ilə seçki təbliğatını davam etdirir

SƏBAİL

Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunun Badamdar qəsəbəsində rayon seçiciləri ilə "Xalq üçün" şüarı altında görüş keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin sədri, professor Şəmsəddin Hacıyev ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslər haqqında görüş iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, mahiyyət etibarilə 2019-cu il Azərbaycanda hərtərəfli islahatlar ili olub: "2018-ci ildən başlayaraq Azərbaycan özünün sosial-iqtisadi inkişafında tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoymuş və ölkəmizdə bu gün də davam edən sistemli islahatlar nəticəsində, cəmiyyətin bütün sahələrini əhatə edən ciddi və inqilabi dəyişikliklər baş vermişdir. Ölkəmizdə həyata keçirilən və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənmiş geniş sosial-iqtisadi proqramların icrası, Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına xidmət edən cəsarətli və müstəqil siyasəti, eləcə də, Azərbaycanın beynəlxalq nüfuzunun ildən-ilə yüksəlməsinə səbəb olubdur. Nəticə etibarilə ölkəmiz dünya ictimaiyyəti tərəfindən islahatçı dövlət kimi qəbul olunur".
Ş.Hacıyev Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı aparıcı rolundan, müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində və ümummilli inkişafımızda əvəzolunmaz xidmətləri olduğunu vurğulayıb. "YAP ötən dövr ərzində sübut etmişdir ki, partiyamız ümumxalq dəstəyi və etimadı qazanan Qələbələr Partiyasıdır. "Əminik ki, "Xalq üçün" devizi ilə getdiyimiz bu bələdiyyə seçkilərində də xalqımız YAP namizədlərini dəstəkləyəcək və partiyamız bu seçkilərdə də növbəti möhtəşəm uğurunu qazanacaqdır" deyən deputat Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərən Bələdiyyə İnstitutunun inkişafı, başlıca məqsədləri və fəaliyyət mexanizmləri haqqında seçicilərə ətraflı məlumat verib. Millət vəkili qeyd edib ki, yerli idarəetmə institutu olan bələdiyyələrin ölkəmizdə formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır, məhz 1995-ci ildə qəbul olunmuş ilk müstəqil konstitusiyamızda bələdiyyələrin fəaliyyəti üçün müvafiq qanunvericilik bazası formalaşdırılmışdır. Hazırda bələdiyyələrin cəmiyyətimizdə rolu ildən-ilə artır və onların səmərəli fəaliyyətinin təşkili üçün zəruri qanunvericilik bazası və müvafiq strukturlar tam formalaşıb. Bələdiyyələr qarşısında duran vəzifələr və görüləcək işlər haqqında rayon sakinlərinə ətraflı məlumat verən deputat bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mövcud potensial, resurslar və onlardan səmərəli istifadə yollarını, bələdiyyə büdcəsinin artırılması üçün qanunamüvafiq fiskal yığımların mənbələrini göstərdi.
Ş.Hacıyev İDEA İctimai Birliyinin təşkilatçılığı və Səbail rayon icra hakimiyyətinin dəstəyi ilə "Abad məhəllə" layihəsi çərçivəsində Badamdar qəsəbəsində təmir olunan və əhalinin istifadəsinə verilən abad həyətləri xüsusi qeyd etdi.
Badamdar bələdiyyəsinin hazırda fəaliyyətdə olan sədri Təzəxan Məmmədov, ötən dövr ərzində, Badamdar bələdiyyəsi tərəfindən görülən işlər haqqında məlumat verib.
Görüşdə YAP Səbail rayon "Badamdar qəsəbəsi sakinləri" ərazi ilk partiya təşkilatının sədri Natiq Abbasov, YAP-ın Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin qərargah üzvü, xalq artisti Hacı İsmayılov və digərləri bələdiyyələrin fəaliyyətindən danışaraq, seçiləcək yeni bələdiyyə üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.
Görüşdə Badamdar bələdiyyəsinə seçkilərdə iştirak edən namizədlər - Budaqova Məhəbbət Rəşid qızı, Zamanov Samir Elman oğlu, İmaməliyev Asim Xanlar oğlu, Abdullayeva Nailə Əkrəm qızı, İsmayılov Aydəm İsmayıl oğlu, Quliyev Fariz Fəlah oğlu, Yusifova Təranə Mikayıl qızı, Sultanzadə Mirzə İmran oğlu, Həsənova Xədicə Fərrux qızı, Əhmədov Zaur Etibar oğlu, Əmrəliyeva İradə Böyükağa qızı və Həsənov Samir Qadir oğlu çıxış edərək, seçicilərə seçki platformaları haqqında məlumat veriblər.
Görüşdə çıxış edən Badamdar qəsəbəsi sakinləri ölkəmizdə gedən dinamik inkişaf və tərəqqi, vətəndaşa göstərilən diqqət və qayğı üçün ölkə başçısına minnətdar olduqlarını, bu siyasəti ürəkdən dəstəklədiklərini və seçkilərdə iştirak edərək, YAP namizədlərinə səs verəcəklərini bildiriblər.

DAŞKƏSƏN

Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatında yaradılmış seçki qərargahının 23 dekabrda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı iclası keçirilib. İclasda idarə, müəssisə və təşkilat rəhbərləri, YAP fəalları, rayon təşkilatının şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etdiyi tədbirdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçki məntəqələrinin rabitə, elektrik enerjisi, seçki avadanlıqları, seçki məntəqələrinin mühafizə olunması ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Tədbirdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev partiya fəallarının seçkiqabağı təbliğat işlərinə hazırlıqla bağlı iclas iştirakçılarına məlumat verib. O, bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmış bütün namizədlərə təbliğat işlərinin aparılması sahəsində eyni şəraitin yaradıldığını bildirib.
Yekunda yığıncaq iştirakçıları, əmin olduqlarını söyləyiblər ki, 23 dekabrda bələdiyyə seçkiləri yüksək səviyyədə, şaffaf və tam demokratik şəraitdə keçəcək, hər bir seçici öz istədiyi namizədlərə sərbəst şəkildə səs vermək imkanı əldə edəcək.

ŞƏMKİR

Şəmkir rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP Şəmkir rayon seçki qərərhagının, rayon təşkilatının sədri Fəxrəddin Vəliyev görüşdə çıxış edərək bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar indiyə qədər görülən işlərdən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışıb.
F.Vəliyev həyata keçirilən irimiqyaslı layihələrin, məhz Yeni Azəbaycan Partiyasının və onun Sədri, ölkə Prezidenti İlham Əliyevin adıyla bağlı olduğunu və bütün bunların hər bir vətəndaşın gözü qarşısında baş verdiyini seçicilərin diqqətinə çatdırıb. YAP tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını vurğulayaraq, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmağa çağırıb.
Görüşdə çıxış edən təbliğat qrupunun üzvü Məcid Şıxılıniski bildirib ki, Şəmkir rayon sakinlərinin YAP-a, partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevə inamı çox güclüdür: "Şəmkirlilər bu inamı keçirilən bütün seçkilərdə nümayiş etdirib. Zəngin seçki təcrübəsinə malik olan rayonumuzda bütün seçki proseslərində hər zaman yüksək seçici fəallığı nümayiş olunubdur. Əminliklə deyə bilərik ki, bələdiyyə seçkiləri də rayonumuzda uğurla keçəcək, seçicilərimiz Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük dəstək olacaq və onlara səs verəcəklər".
Yeni Azərbaycan Partiyası tərəfindən Şəmkir bələdiyyəsi üzvlüyünə namizədlikləri irəli sürülən 15 nəfər adından çıxış edən Vüqar Həsənov onlara YAP tərəfindən göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib və bu etimadı öz əməli işləri ilə doğruldacaqlarını bəyan edib.

R.HÜSEYNOVA