Abşeron rayonunun Saray qəsəbəsində seçicilərlə görüş keçirilib

23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, təbliğat-təşviqat kampaniyasına uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən Abşeron rayonunun Saray qəsəbəsində seçicilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri haqda danışıb, bələdiyyələrin tarixi və funksiyaları barədə tədbir iştirakçılarına geniş məlumat verib.
O, həmçinin, bələdiyyə seçkilərində partiya tərəfindən rayon bələdiyyələrinə irəli sürülmüş namizədlərin perspektivli, vətənə, dövlətə sədaqətli olduqlarını qeyd edib.
B.Vəliyev YAP-ın əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də qələbə qazanacağına əmin olduğunu qeyd edib: "Ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən abşeronlular əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də böyük fəallıq və coşğu nümayiş etdirəcək, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlar".
Sonra YAP Abşeron rayon Ağsaqqallar şurasının sədri Nadir Ağayev və "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək, partiyanın bələdiyyə üzvlüyünə namizədlərinin əsas məqsədlərinin ötən bələdiyyə seçkilərində olduğu kimi, bu seçkilərdə də qalib olması və yerli özünüidarəetməni daha da inkişaf etdirmək olduğunu bildiriblər. Daha sonra namizədlərdən Təyyibə Hüseynova, Məhi Həsənov və Natiq Tahirov özləri haqda məlumat verərək seçkilərin ədalətli, demokratik şəkildə rəqabət mühitində keçəcəyinə inandıqlarını bildiriblər.
RƏFİQƏ