Nəsimidə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Dünən Yeni Azərbaycan Partiyasi Nəsimi rayon təşkilatının qərargahında 23 dekabr 2019-cu il tarixində keçirilən bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə, icra, məhkəmə və qanunvericilik hakimiyyətində həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib. Millət vəkili ölkədə kadr sahəsində həyata keçirilən islahatları xüsusi vurğulayaraq, gənclərin dövlət idarəçiliyində rəhbər vəzifələrə irəli çəkilməsini ölkə rəhbərinin gənclərə olan etimadı, inamı və qayğısı kimi dəyərləndirib. O, Azərbaycan gənclərinin hər zaman Prezidentin siyasətini dəstəkləmələrini və Onun arxasında monolit qüvvə kimi dayanmalarının səbəbini də, məhz bundan qaynaqlandığını bildirib. Bu il keçirilən bələdiyyə seçkilərində iştirak edən namizədlərin əksəriyyətinin də gənclər olması bir daha göstərir ki, Azərbaycan gəncliyinin dünən də, bu gün də,gələcəkdə də tutduğu yol Heydər Əliyev, İlham Əliyev yoludur.
Rayon təşkilatı gənclər birliyinin sədr müavini Söhrab Həşimov çıxış edərək, ölkə rəhbərinə gənclərə olan diqqət, qayğı, dəstək və etimada görə gənclər adından təşəkkürünü bildirib.
Rayon təşkilatının sədri Məlahət İbrahimqızı tədbirin sonunda Yeni Azərbaycan Partiyası tərəfindən Nəsimi rayon bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərlə tədbir iştirakçılarını tanış etdikdən sonra, gənclərimizi qarşıdan gələn bələdiyyə seçkilərində fəal olmağa YAP tərəfindən irəli sürülmüş namizədlərə səs verməyə çağırıb.
Tədbirdə gənclərə bir sıra təbliğat materialları paylanıb.
NƏZAKƏT ƏLƏDDİNQIZI