İsmayıllı rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin "Nəsimi İli" elan edilməsi çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, bir gün ərzində, respublika ərazisində 650 min ağac əkmək təşəbbüsünü irəli sürüb. İsmayıllı sakinləri bu təşəbbüsə böyük sevinc və məsuliyyətlə qoşulub. Bu dəyərli, ekoloji tarazlığın yaradılması və möhkəmləndirilməsində çox əhəmiyyətli olan aksiyanın həyata keçirilməsi üçün bütün hazırlıq işləri vaxtında görülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 19 min əkin materialı alınıb, yerli imkanlar hesabına isə 1000 ədəd ting tədarük edilib. 6 dekabr tarixində dövlət başçısının Sərəncamına, Birinci vitse-prezidentin təşəbbüsünə cavab olaraq, İsmayıllı sakinləri mütəşəkkiliklə ağac əkməyə çıxıblar. Aprel zəfər döyüşünə həsr olunmuş "Zəfər" Parkında 700, Heydər Əliyev prospektində 300, Əbülhəsən Ələkbərzadə küçəsində 1200 və rayonun bütün kəndlərində və bələdiyyə ərazilərində çoxnövlü ağaclar əkilib. Bu nəcib təşəbbüsə Yeni Azərbaycan Partiyasının üzvləri rayonun bütün idarə, müəssisə və təşkilatları, yerli icra və özünüidarəetmə strukturları, gənclər, ağsaqqallar, ümumi təhsil məktəbləri tərəfindən bəyənilib və həyata keçirilib. Bundan sonrakı plana əsasən, rayon ərazisində ağacəkmə kampaniyası davam edəcəkdir.

ZÜMRÜD