"Ümummilli Lider çağdaş Azərbaycanın qurucusu və yaradıcısıdır" ÖZƏL-MÜNASİBƏT

"12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Ulu Öndər cismən bizdən ayrılsa da ancaq Onun ruhu bu gün Azərbaycanın başı üzərindədir, ölkəmizi daim qoruyur". Bunu SİA-ya millət vəkili İlham Məmmədov deyib.Deputatın sözlərinə görə, Ümummilli Lider bu gün müasir və müstəqil çağdaş Azərbaycanın sözün bütün mənalarında qurucusu və yaradıcısıdır: "Min illər boyu həsrətində olduğumuz Azərbaycan dövləti və dövlətçiliyi məhz Ulu Öndərimiz Heydər Əliyevin sayəsində başa gəldi. Düzdür həmin vaxtlar bir neçə dəfə bu cəhdlər oldu. Ötən əsrin əvvəllərində müstəqillik əldə etdik amma onu qoruya bilmədik. Lakin ondan sonrakı dönəmdə yenə də tarixi zərurətdən keçən əsrin 90-cı illərində bu fürsət ələ düşdü. Ümumiyyətlə Ulu Öndərin ən böyük xidmətlərindən biri hesab edirəm ki, Azərbaycançılıq ideologiyasını, Azərbaycançılıq məfkurəsini bir daha özümüzə qaytarmaq oldu. Bu elə bir məfkurə, ideologiyadır ki, bunun üzərində bu dövlətin özünün mənəviyyatı, mədəniyyəti, tarixi, keçmişi, bu günü və gələcəyi tamamilə öz əksini tapmışdır. Ümummilli Liderin ən böyük xidmətlərindən biri də cənab Prezident İlham Əliyevi siyasi xadim kimi dünyanın bu gün ən nüfuzlu siyasi Lideri kimi yetişdirərək xalqımızın qurub yaratmış olduğu o Azərbaycan dövlətinə ərmağan etməsi oldu. Bu gün bizim borcumuz bu dövlətimizi, Vətənimizi, Prezidentimizi qorumaqdır".

sia.az