"Ölkəmizin bügünkü inkişafı Ulu Öndərin ideyalarından qaynaqlanır" RƏY-ÖZƏL

“Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Ulu Öndər Heydər Əliyevin əməyi, nişanəsi olmasın. Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə Ümummilli Liderin əməyi özünü göstərir. Heydər Əliyevin həyatı bütöv bir tarixdir. Onun bütün həyatı, fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.O bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu.

Onun sözlərinə görə, məhz Ulu öndərin qayıdışından sonra müstəqilliyimiz təhlükədən xilas oldu, ölkədə sabitlik bərpa olundu və Azərbaycanda bütün sahələrdə inkişafa doğru addımlar atıldı. Həmin dövrdən etibarən Ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı: “Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxt səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi, lakin Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır”.
Millət vəkili qeyd edib ki, Azərbaycanın bügünkü inkişafı Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan siyasətin məntiqi nəticəsidir: "Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə altında dövlətimiz hər ötən gün özünün siyasi və iqtisadi qüdrətini artırmaqdadır. Son vaxtlar cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan struktur və kadr islahatları diqqətəlayiqdir və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Aparılan islahatlar keyfiyyətə əsaslanan inkişafın təmin olunmasına, insan kapitalının keyfiyyət göstəricilərinin yüksəlməsinə, dövlətin və dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. Respublikamızda dövlət idarəçiliyi sistemi daim təkmilləşir və daha çevik idarəetmə formasının yaranması üçün mühüm addımlar atılır. Aparılan struktur və kadr islahatları gənclərə yol açır, onların dövlət idarəçiliyi sisteminə geniş cəlb edilmələrinə əlverişli şərait yaradır. Eyni zamanda Azərbaycanın beynəlxalq siyasi nüfuzu yüksəlir. Bu gün ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Azərbaycanın bölgədə və dünyada artan siyasi gücü dövlətimizin milli maraqlarının beynəlxalq arenada daha ciddi şəkildə qorunmasına xidmət edir. Hesab edirəm ki, bütün bunların əsası məhz Ulu öndər tərəfindən qoyulub. Heydər Əliyev Azərbaycana böyük və olduqca qiymətli irs qoyub”.
D. Cəbrayılova həmçinin qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın siyasi xadim kimi fomalaşmasında Ulu öndər Heydər Əliyev siyasi məktəbinin rolu inkaredilməzdir: “Mehriban xanım Əliyeva çıxışlarının birində qeyd edib ki, “Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər”. Hesab edirəm ki, Ümummilli lider Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir. Bu gün Ümummili liderimizin irsini daha da dərindən öyrənmək, təbliğ etmək, dünyaya çatdırmaq hamımızın borcudur”.

sia.az