Qaradağda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Dünən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan dəyirmi masa keçirilib.

İlk öncə, tədbir iştirakçıları Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Ulu Öndərin zəngin həyatını əks etdirən qısametrajlı film nümayiş olunduqdan sonra tədbiri giriş sözü ilə açan Qaradağ rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Ulu Öndər Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu adlandırıb.
YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxışında Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı ilə qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək, inkişaf edən bir ölkəyə çevirdiyini vurğulayıb. A.Hüseynov Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən birinin YAP-ın yaradılması olduğunu da geniş şərh edib. Qeyd edib ki, bu gün ölkəmiz, Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin ictima-siyasi və humanitar məsələlər şöbəsinin müdürü Munis Bayramov Dahi Lider Heydər Əliyevin keçdiyi böyük və şanlı tarixi yolundan ətraflı danışaraq, həm birinci hakimiyyəti dövründə, həm də ikinci dəfə hakimiyyətə gəldiyi vaxtda Azərbaycan xalqına bəxş etdiyi titanik və zəngin zəhmətinin bəhrələrindən tədbir iştirakçılarına məlumat verib.

RƏFİQƏ HÜSEYNOVA