Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Dünən rayonun Tüləkəran inzibati ərazi dairəsi üzrə seçicilərlə növbəti görüş keçirilib. Görüşdə YAP Quba rayon təşkilatı təbliğat qrupunun üzvləri - YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, rayon təşkilatı aparatının rəhbəri Hüseyn Kərimov, rayon gənclər birliyinin sədri Əhməd Bəkirli, rayon mərkəzi kitabxanasının müdiri Saməddin Nəsirov iştirak edib.
Görüşü Yeni Azərbaycan Partiyasının Bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov açaraq bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar indiyə qədər görülmüş işlərdən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışıb: "Prezident İlham Əliyevin diqqət və qayğısını öz üzərində hiss edən qubalılar da əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərə də ciddi hazırlaşır". O, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində də xalqımızın səsini əldə olunan uğurların davamına, sosial-iqtisadi inkişafa, bu mənada, Möhtərəm Prezidentimiz İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasına verəcəyinə əminliyini bildirib.
Görüşdə çıxış edən Tüləkəran kəndində yerləşən Tülər kənd ümumi orta məktəbinin direktoru Şirinov Məhəmməd, Tüləkəran kənd sakini İdrisov Ruhulla qeyd ediblər ki, bələdiyyə sistemi ildən-ilə inkişaf edir, onların səlahiyyətləri daha aydın olur. Bələdiyyələr ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan institut kimi formalaşır və həyata keçirilən sosial, iqtisadi, mədəni və humanitar tədbirlərdə fəal iştirakçıdır. Bildiriblər ki, 23 dekabr bələdiyyə seçkilərində kəndin seçiciləri yüksək fəallıqla iştirak edəcək və partiyanın namizədlərinə öz səslərin verəcəklər.
Nəzakət ƏLƏDDİNQIZI