Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası Ağdaş rayonunda uğurla davam edir. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi bu kampaniya çərçivəsində növbəti görüşünü Kotanarx kəndində Kotanarx, Nehrəxəlil və Cardam kəndlərinin seçiciləri ilə keçirmişdir.
Görüşü giriş sözü açan YAP Mərkəzi Seçki Qərargahı Ağdaş rayon şöbəsinin üzvü Anar Şahmuradov dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri və Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər haqqında məlumat verdikdən sonra, ötən dövr ərzində, ölkədə və Ağdaş rayonunda görülmüş işlərə diqqət çəkdi, görülən işlərin Yeni Azərbaycan Partiyasının Cədri, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olduğunu qeyd edib. Bildirib ki, bələdiyyələr artıq 20 ildir ki, fəaliyyət göstərir, Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların maraq və mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edirlər.
Görüşdə çıxış edən seçicilər ölkədə, eləcə də, rayonda görülən işləri yüksək qiymətləndirdiklərini, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti yekdilliklə dəstəklədiklərini bildiriblər. Çıxışlarda qeyd olunub ki, ümumxalq dəstəyi və etimadı qazanan hakim partiya 23 dekabr bələdiyyə seçkilərinə "Xalq üçün" devizi ilə gedir. Vurğulanıb ki, bütün seçki kampaniyalarında olduğu kimi, bələdiyyə seçkilərində də xalqımız YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləyəcək və Yeni Azərbaycan Partiyası növbəti möhtəşəm uğurunu qazanacaqdır.
ZÜMRÜD BAYRAMOVA
sia.az