Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən 23 dekabr 2019-cu il tarixdə ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin seçicilərlə silsilə görüşləri keçirilir. Tədbirlərin davamı olaraq, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri rayonda "Xalq üçün" təşviqat aksiyası keçirib. Gənclər rayonun müxtəlif ərazilərində - parklarda, küçələrdə, yaşayış binalarının məhəllərlərində, metro stansiyalarının giriş-çıxışlarında seçicilərlə söhbət aparıb, onlara bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərin seçki proqramını, seçkiqabağı platformasını əks etdirən bukletləri və digər təbliğat-təşviqat materiallarını paylayıblar. Həmçinin, seçicilərə son illərdə respublikamızda və Binəqədi rayonunda görülən işlərdən və həyata keçirilən islahatlardan danışıblar.
Aksiyaya qoşulan gənclər seçicilər tərəfindən səmimiyyətlə qarşılanıb, onlar bukletlər və digər təbliğat-təşviqat materialları ilə yaxından tanış olublar. Gənclər seçiciləri bu ilin 23 dekabrında keçiriləcək V çağırış Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar. Seçicilər, öz növbəsində, dövlət başçısı İlham Əliyevin ölkəmizin daha da qüdrətlənməsi istiqamətindəki siyasətini dəstəklədiklərini və qarşıdan gələn bələdiyyə seçkilərində, məhz YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Zümrüd BAYRAMOVA
sia.az