PDF Oxu

Siyasət

  • 4 630

Qloballaşan dünyamızda xalqların mədəni-mənəvi irsi qorunur

Qloballaşan dünyamızda xalqların mədəni-mənəvi irsi qorunur

Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilməsi ölkəmizin nüfuzunun təzahürüdür

Dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası təşkilatı olan YUNESKO irqindən, dilindən və dinindən asılı olmayaraq, bütün xalqlar üçün ədalətə, qanunçuluğa və insan hüquqlarına hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərir. Ölkəmizlə YUNESKO arasında olan əlaqələr, bu gün ən yüksək səviyyədədir. Təbii ki, YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və ISESCO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın rolu və əməyi müstəsnadır.
Qeyd edək ki, YUNESKO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr 2004-cü ildə Mehriban xanım Əliyevanın YUNESKO-nun Xoşməramlı Səfiri seçiləndən sonra, daha sürətlə inkişaf etməyə başlayıb. Şübhəsiz ki, bu günlərdə Azərbaycanın UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilməsi mövcud əlaqələrin yüksələn xətlə inkişafının təzahürüdür. Belə ki, Kolumbiyanın paytaxtı Boqotada UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyasında Azərbaycan təşkilatın Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilib. Sessiyada 5 qeyri-maddi mədəni irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, 35 qeyri-maddi mədəni irs nümunəsi isə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. İlk dəfə olaraq, bir qeyri-maddi mədəni irs nümunəsi siyahıdan çıxarılıb. UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci sessiyasının 2020-ci ilin 30 noyabr-5 dekabr tarixlərində Yamaykanın Mədəniyyət, Gender, Əyləncə və İdman naziri Oliviya Qranqenin sədrliyi ilə bu ölkənin paytaxtı Kinqston şəhərində keçirilməsi ilə bağlı qərar qəbul edilib. Sessiyada qəbul olunmuş qərara əsasən, Azərbaycan komitənin vitse-prezidenti seçilib. Ölkəmizlə yanaşı, Çin, Niderland, Qazaxıstan, Küveyt və Cibuti də komitənin vitse-prezidentləri seçiliblər.
Bu gün qloballaşan dünyada xalqların mədəni-mənəvi varlığını qorunması prioritet məsələdir. Çünki xalqın dili, adət-ənənələri, mədəni irsi onun milli kimliyinin əsas göstəricisidir. Azərbaycan xalqının zəngin mədəni irsi zaman-zaman müxtəlif qüvvələr tərəfindən mənimsənilməyə məruz qalıb. Bu baxımdan, qeyri-maddi və maddi mədəni irs nümunələrimizin qorunması və təbliği dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur. Ölkəmiz UNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunmasına dair" Konvensiyasına qoşulub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə diqqət və qayğısı nəticəsində Azərbaycan muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, dolma hazırlama və paylaşma ənənəsi, lavaşbişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli mədəniyyət nümunəsi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin, "Çövkən - ənənəvi Qarabağ atüstü oyunu" və "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" isə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısında yer alır.
Dünya mədəniyyətinə böyük töhfələr bəxş etmiş zəngin və olduqca Qədim Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması və təbliği sahəsində böyük işlər görən Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə, həmçinin, YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə, 2004-cü ildə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyevanın YUNESKO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir.
Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi isə Azərbaycanın UNESKO-da apardığı davamlı işin, həmçinin, maddi mədəniyyət nümunələrinin qorunmasına göstərdiyi xüsusi diqqətin növbəti ifadəsi idi. Bu fakt dünyanın mədəni-turistik xəritəsində Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bakıda keçirilən sessiyada çıxardılan qərar Azərbaycanın dünya mədəniyyətinə xüsusi töhfəsinin beynəlxalq səviyyədə növbəti təsdiqi oldu. Əbəs deyil ki, bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşmasındakı işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilmnəsinə sanballı töhfələrinə görə, Mehriban xanım Əliyevaya YUNESKO-nun baş direktoru tərəfindən "Qızıl Motsart" medalı təqdim olunub. İrina Bokovanın Onun ünvanına söylədiyi "Siz YUNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız" ifadəsi Mehriban Əliyevanın bu təşkilatla olan əməkdaşlığının bariz göstəricisidir.
Mehriban Xanım Əliyevanın əməli fəaliyyətinin nəticəsi olaraq, Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileyləri YUNESKO çərçivəsində qeyd edilir. Mehriban xanım Əliyevanın YUNESKO-nun mənzil-qərargahında Xoşməramlı Səfirlərin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, YUNESKO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu, dünyada təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları da böyük maraqla qarşılanır.
Göründüyü kimi, Azərbaycanın Birinci Xanımının ölkəmizin təbliği və təqdimatında gördüyü işlərin miqyası geniş və çoxşaxəlidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər