Ağdaş rayonunda uğurla davam edən təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlər rayonun Pirəzə, Abad və Kotavan kəndlərində keçirilib.
Görüşləri Yeni Azərbaycan Partiyasının Bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi İsa Eminov açaraq, qarşıdan gələn bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar görülmüş işlərdən danışıb, seçiciləri Yeni Azərbaycan Partiyasının Seçki Proqramı ilə tanış edib. Dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən bəhs edən İsa Eminov Ağdaş rayonunda rayon sakinlərinin Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevə inamının çox güclü olduğunu bildirib. Qeyd edib ki, ağdaşlılar bu inamı keçirilən bütün seçkilərdə nümayiş etdiriblər. Zəngin seçki təcrübəsinə malik olan rayonumuzda bütün seçki proseslərində hər zaman yüksək seçici fəallığı nümayiş olunmuş, növbəti bələdiyyə seçkisində də seçicilərimizin fəal iştirak edəcəyini və ölkəmizin inkişafının davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini əminliklə bəyan edib.
Çıxış edən seçicilər son illərdə ölkəmizdə, eləcə də Ağdaşda gedən sürətli tikinti-quruculuq işlərinin, həyata keçirilən irimiqyaslı layihələrin ölkə Prezidenti İlham Əliyevin adıyla bağlı olduğunu və bütün bunların hər bir vətəndaşın gözü qabağında baş verdiyini bildiriblər. 23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edən çıxışçılar vurğulayıblar ki, bələdiyyə seçkisində fəal iştirak edəcəklər.
ZÜMRÜD BAYRAMOVA