PDF Oxu

Siyasət

  • 9 004

Demokratik və azad seçkilər

Demokratik və azad seçkilər

Azərbaycanda seçki kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirilir

Azərbaycanda hər zaman azad, şəffaf və demokratik seçkilər keçirilib. Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri hüquqi və demokratik dövlətin yaradılması idi ki, bu da reallaşdı. 1993-cü ildən bəri azad və demokratik seçkilər keçirilir. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycanda demokratik, ədalətli və azad seçkilərin keçirilməsi üçün zəruri olan bütün şərait mövcuddur. Belə ki, ölkədə ictimai-siyasi sabitlik hökm sürür, ən əsası, ölkə başçısının özünün demokratik seçkilərin keçirilməsi üçün siyasi iradəsi mövcuddur.
Azərbaycanda keçirilən növbəti 23 dekabr bələdiyyə seçkiləri də öz demokratikliyi və şəffaflığı ilə reallaşdı. Paytaxt və bölgələrdə, eləcə də, ən ucqar kənd və qəsəbələrdə seçicilər yüksək əhval-ruhiyyə ilə seçkilərə qatıldılar.
Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Səbail seçiciləri də fəallıq nümayiş etdiriblər. YAP Səbail rayon təşkilatının və rayon Seçki Qərargahının sədri Şəmsəddin Hacıyev partiyanın böyük seçki təcrübəsinin olduğunu qeyd edərək bildirdi ki, səhər saat 8.00-dan bütün məntəqələrdə seçkilər başlayıb: "Səhər saat 8.00-dan Səbail rayonunda bələdiyyə seçkilərində seçici fəallığı müşahidə olunur. Qeydiyyatda olan 45 min seçici rayon ərazisində fəaliyyət göstərən məntəqələrə gələrək, azad və şəffaf şəkildə səsvermədə iştirak edirlər. Rayon ərazisini əhatə edən 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin tərkibində, ümumilikdə, 40 məntəqə fəaliyyət göstərir. Seçki dairələrinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqələr də var. Seçki məntəqələri bütün zəruri texniki avadanlıqlar, ləvazimatlar və məlumat kitabçaları ilə tam təchiz olunub".

"Layiqli namizədə səs veririk ki, layiqli xidmət etsin"

Bu fikri məntəqələrdə səs verən seçicilər ifadə edib. Belə ki, 29 saylı Səbail Seçki Dairəsinin 2 saylı məntəqəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, məntəqə sədri Süleyman Əliyev bizimlə söhbətində bildirdi ki, Seçki Məcəlləsində nəzərdə tutulmuş maddələr tamamilə seçki prosesi zamanı nəzərə alınmışdır: "İnsanlar arasında fəallıq və inam hissi müşahidə olunurdu. Bu isə, namizədlər arasında ruh yüksəkliyinin artmasına səbəb olurdu. Qətiyyətlə deyə bilərəm ki, Azərbaycanda aparılan bütün seçkilər dünya standartlarına tam cavab verir, insanlarımız demokratik və azad yolla öz seçimlərini etmişlər. Bunu seçki günü yaşanan əhval-ruhiyyə də bir daha təsdiq edir."
4 saylı məntəqədə də seçicilərin fəallığı yüksək şəkildə sərgilənib. Məntəqə sədri Lalə Əliyeva bildirdi ki, Azərbaycanda mövcud olan demokratik şərait seçkilərin şəffaf keçirilməsi ilə bir daha öz təsdiqini tapdı.Seçicilərlə söhbət zamanı bildirdilər ki, layiqli namizədə səs veririk ki, layiqli xidmət etsin. Səmayə Əsədova: "Məni burada çox gözəl ab-hava ilə qarşıladılar. Beləcə, istədiyim layiqli namizədə səsimi verdim. Ümid edirəm ki, səs verdiyim namizəd növbəti 5 ildə layiqli xidməti ilə seçiləcək". Məmməd Həsənov: "Səsvermə prosesi çox gözəl keçir. Mən hər kəsdən bir ağsaqqal kimi xahiş edirəm ki, öz seçimlərini düzgün etsinlər. Çünki düzgün seçim, firavan inkişaf deməkdir". Nəsib Məmmədov: "Bir ağsaqqal kimi deyə bilərəm ki, xalqın gözü tərəzidir. Azərbaycan demokratik ölkədir. Hər bir Azərbaycan vətəndaşı seçimində sərbəstdir. Layiqli namizədə səs verməklə, xoşbəxt gələcəyimizə töhfə vermiş olarıq. Mən öz seçimimi etdim. Hər bir seçicinin də düzgün seçim edəcəyinə əminəm".Eldar Məmmədov: "Bugünkü inkişaf, tərəqqi göz qabağındadır. Xalqın sosial rifahının yaxşılaşması da göz önündədir. Belə olan halda, daha firavan olmaq istəyiriksə, seçimimizi düzgün etməliyik".

26 saylı Sabunçu birinci Seçki Dairəsinin məntəqələrində fəallıq müşahidə olunub

Bakınnı Sabunçu rayonunda da seçki fəallığı nümayiş olunub. YAP Sabunçu rayon təşkilatının və rayon Seçki Qərargahının sədri Mehriban Abasquliyeva bildirib ki, bütün seçkilərdə olduğu kimi, növbəti bələdiyyə seçkiləri də ölkəmizdə demokratik dəyərlərin və şəffaf seçki mühitinin olması təsdiqini tapdı: "Belə ki, Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbə əzmi nümayiş etdirməsini təşkilatımızın, onun üzvklərinin zəfər yolunun davamı kimi qiymətləndirmək lazımdır.
26 saylı Sabunçu birinci dairə seçki komissiyasının sədri Hüseynqulu Ələsgərov 51 min 430 seçicisi olan dairə seçki komissiyasının ərazisində 37 daimi seçki məntəqəsinin fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, məntəqələrin 10-da veb-kameralar quraşdırılıb. Seçki məntəqələrində komissiya üzvlərinin və müşahidəçilərin normal fəaliyyəti, seçicilərin səslərini sərbəst şəkildə həyata keçirmələri üçün hər cür şərait yaradılıb.
Səsvermə prosesi 27 saylı Sabunçu ikinci və 28 saylı Sabunçu üçüncü seçki dairələri dairə seçki komissiyalarının məntəqələrində də şəffaf və demokratik şəraitdə davam edib.
Beləliklə, müşahidə apardığımız digər məntəqələrdə olan ab-havaya, əsasən də, gəldiyimiz nəticə budur ki, seçkilər şəffaf və obyektiv şəkildə keçirilir. Bu tək bizim yox, həmçinin, beynəlxalq təşkilatları təmsil edən müşahidəçilərin də fikirləridir.
Məntəqənin qarşısında olarkən, seçicilərin yüksək əhval-ruhiyyəsindən bu qənaətə gəldik ki, gələcəyə böyük inamla irəliləyən dövlətimizin qazandığı uğurlar hər bir ölkə vətəndaşında böyük ruh yüksəkliyi yaradır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər