PDF Oxu

Siyasət

  • 5 596

Bələdiyyə seçkiləri ümumxalq rəyi ifadə etdi

Bələdiyyə seçkiləri ümumxalq rəyi ifadə etdi

Suraxanı rayonunda seçkilər müşahidəçilərin nəzarəti altında keçirildi

Dünən respublikanın ictimai-sosial həyatında əhəmiyyətli rol oynayan özünüidarəetmə orqanı olan bələdiyyə seçkilərinə səsvermə keçirildi. Seçki gününə qədər ölkə ərazisində aparılan təbliğat-təşviqat kampaniyası öz nəticəsini vermişdir. Azərbaycanın bütün rayonlarında olduğu kimi, Suraxanı rayonu ərazisində də seçki prosesi şəffaf və demokratik keçirildi. Suraxanı rayon təşkilatında 3 dairə - 30 saylı 1-ci Suraxanı Seçki Dairəsi, 31 saylı 2-ci Suraxanı Seçki Dairəsi və 32 saylı 3-cü Suraxanı Seçki Dairəsi fəaliyyət göstərir. Suraxanı rayonu ərazisindəki seçki dairələrinin məntəqələrində olub, seçkilərin gedişatı ilə maraqlandıq.
Seçki məntəqələrində səhər saatlarından başlayaraq, seçicilər fəallıq nümayiş etdiriblər. Seçicilər yerli idarəetmə orqanları olan bələdiyyələrin insanların problemlərinin həllində mühüm rol oynadıqlarını bildiklərindən, ardıcıl olaraq, məntəqələrə gələrək, səsvermədə iştirak edirlər. Məntəqələrdə hər bir seçicinin özünün seçim hüququndan istifadə etməsi baxımından, lazımi şərait yaradılıb. Seçki prosesi müxtəlif siyasi partiyaların, eləcə də, müstəqil müşahidəçilərin nəzarəti ilə aparılır. Heç bir qanun pozuntusuna yol verilməyib.
30 saylı 1-ci Suraxanı Seçki Dairəsində 36950 nəfər seçici qeydiyyatdadır. Səhər məntəqlər açılandan seçicilər, tam müstəqil olaraq, öz seçdikləri namizədə səs verirdilər. Saat 12.00-da artıq dairə üzrə 5418 seçici səs vermişdi. Seçki hüququ olan şəxs heç kəsin müdaxiləsi olmadan seçimini gizli surətdə edirdi. Hətta yaşlı insanlar belə məntəqələrə gəlib öz seçimlərini edirdilər.
31 saylı 2-ci Suraxanı Seçki Dairəsinin məntəqələrində seçki çox demokratik şəraitdə keçirilirdi. Hər kəs gizli surətdə seçimini etmək iqtidarında idi. Hər şey ədalət prinsipi üzərində qurulmuşdu. Bu dairədə 39260 nəfər seçiçi qeydiyyatdır. Saat 13.00-a kimi, 10 minə qədər seçici səs vermişdi. Bildiyimiz kimi, bələdiyyələrin əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir. Sosial problemlərin həllində onların üzərinə böyük məsuliyyət düşür. Bu gün, deyərdim ki, məntəqələrdə xüsusi fəallıq müşahidə olunurdu. Gənclər, xüsusilə, bu seçkilərdə maraqlı idilər. İlk dəfə seçkilərdə iştirak edən gənclərdə böyük əhvali-ruhiyyə hiss olunurdu. Demokratiyanın atributu seçki hüququdur. Seçicilər verilən bu hüquqdan istifadə edərək, müstəqil və sərbəst şəkildə səslərini namizədlərinə verirlər.
32 saylı 3-cü Suraxanı Seçki Dairəsini məntəqələrində də seçici fəallığı diqqətdən yayınmırdı. 39919 nəfər dairənin seçicisi qeydə alınıb. Bu dairənin məntəqələrində olduğumuz zaman burada da səsvermənin normal keçməsi üçün hər şey nəzərə alınmışdı. Yerli müşahidəçilər səsvermənin gedişini izləyirdilər. Hər şey qaydasında davam edirdi. Seçicilər bu günə qədər aparılan təbliğat-təşviqat kampaniyasından yararlanıblar. Öz namizədləri ilə tanışdırlar və məntəqədə, sərbəst olaraq, səslərini verirdilər. Seçkilər müstəqil Azərbaycanın demokratik prinsipləri əsasında keçirildi. Seçki sakit, heç bir qanun pozuntusu qeydə alınmadan aparıldı.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər