PDF Oxu

Siyasət

  • 12 067

Xankəndinin işğalından 28 il ötür

Xankəndinin işğalından 28 il ötür

Kərkicahanın işğal edilməsi ilə Xankəndinin işğalı başa çatdırılıb

Bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 28 il ötür. 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb. İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi, kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.
Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri, son nəticədə, geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin, bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində, dinc əhali qəsəbədən çıxarılıb. İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb. Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaq olub.
Ölkəmiz təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində, 1 milyondan çox soydaşlarımız öz doğma yurd-yuvalarından qaçqın düşsələr də, Azərbaycan dövləti bu insanları ağrı-acıları ilə tək qoymadı, onları düşdükləri ağır vəziyyətdən qurtarmaq üçün tədbirlər həyata keçirməyə başladı. Bütün qaçqın və məcburi köçkünlərin problemini ölkənin əsas problemi elan edən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərə start verildi, çadır şəhərciklərinin ləğvinə başlanıldı, qaçqın və məcburi köçkünlər üçün hər cür şəraiti olan yeni qəsəbələr salındı. Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sahədə tədbirlər həyata keçirilir.
Cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlıdır. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkünlərin sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Təqdirəlayiq haldır ki, bu gün ölkədəki bütün qaçqın və məcburi köçkünlər dövlətin təminatındadır, onların problemlərinin həlli isə, dövlət rəhbərliyinin gündəlik diqqət mərkəzindədir. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən fərman və sərəncamlar imzalanıb. Ötən ilin dekabrında Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verildi. Bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir.
Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülmələri dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. İndiyə qədər bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bu istiqamətdə atılan mühüm addımlardan biri də, 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın Sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Mehriban Əliyeva müşavirədəki çıxışında ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin, Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edildi. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi ilə başa çatdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatlarında hiss edirlər. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin mənzil-məişət məsələlərinin həlli daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması və onların avtomobillə təmin olunmaları üçün ardıcıl tədbirlər görülür. 1997-ci ildən 2018-ci ilədək Qarabağ müharibəsi əlillərinə 4597, şəhid ailələrinə 1582, İkinci Dünya müharibəsi, Çernobıl və müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlara isə, 475 mənzil və fərdi ev verilib. Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər, 1998-2018-ci illər ərzində, 6155 avtomobillə təmin edilib. Bu qəbildən olan vətəndaşlara ilin əvvəlindən bəri 700 mənzil və fərdi ev verilib. İlin sonunadək isə, 234 mənzil və fərdi evin təqdim olunması planlaşdırılır. Gələn il də bu istiqamətdə layihələr davam edəcək.
Bu gün məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunublar, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər görülüb. Lakin bu diqqət onların doğma ocaqlarına qayıtmaq arzularını unutdurmayıb, öz dədə-baba yurdlarına qayıtmaq ümidlərini daha da artırıb. Onlar ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal olunan torpaqlarımızın geri qaytarılacağına inanır və qələbə uğrunda savaşa hər an hazırdırlar.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər