PDF Oxu

Siyasət

  • 5 024

BSU-da "Həmid Araslı-110" adlı tədbir keçirilib

BSU-da "Həmid Araslı-110" adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral, 2019-cu il tarixli Sərəncamına əsasən, görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Araslının anadan olmasının 110 illiyi ilə əlaqədar olaraq, respublikamızda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bakı Slavyan Universitetində Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq və Ədəbiyyat nəzəriyyəsi şöbələrinin təşkilatçılığı ilə "Həmid Araslı-110" adlı tədbir keçirilib. Tədbirdə professor Tahirə Məmməd, professor Nizami Məmmədov, dosent Təhminə Bədəlova Həmid Araslının çoxcəhətli elmi yaradıcılığı, məhsuldar pedaqoji fəaliyyəti, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirakı barədə məruzələrlə çıxış ediblər. Çıxışlarda bildirilib ki, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı, çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr vermişdir. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması, onun mühüm elmi nailiyyətlərindəndir.
Sonra çıxış edən Həmid Araslının qızı, AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslı tədbirin təşkilinə görə, BSU-nun rəhbərliyinə və iştirakçılara dərin minnətdarlığını bildirib və onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb və xatirə şəkli çəkdirilib.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər