PDF Oxu

Siyasət

  • 6 177

Daha güclü inkişaf, daha sürətli tərəqqi

Daha güclü inkişaf, daha sürətli tərəqqi

Əli Əhmədov: "Yeni Azərbaycan Partiyası, sözün həqiqi mənasında, möhtəşəm siyasi gücdür"

"Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədlərini müəyyən etdi. Cəmiyyətin və siyasi partiyaların bizim namizədləri elan edəcəyimiz günü səbirsizliklə gözlədiklərini bilirdim. Bu, ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyası, sözün həqiqi mənasında, möhtəşəm siyasi gücdür. Hamı, bütün siyasi partiyalar - bizə rəqib olanlar da, bu fikrə düşməyi ağıllarına belə gətirməyən partiyalar da bu gücü etiraf edirlər." Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov öz rəsmi «facebook» səhifəsində paylaşıb.
Əli Əhmədov qeyd edib ki, namizədlərin sırasında çoxlu gənclər var: "Bunu təbii qəbul etmək lazımdır. İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək, Prezident İlham Əliyevin islahatlar strategiyasına öz dəstəklərini növbəti dəfə göstərəcəklər. Yeni Azərbaycan Partiyası olaraq, həmişəki kimi, maraqlı və gərgin seçki kampaniyası aparacağımıza əminəm. Partiyamıza və ayrı-ayrılıqda hər bir namizədimizə uğurlar arzulayıram."

Müstəqil Azərbaycanın yeni tarixini əks etdirən Yeni Azərbaycan Partiyası

Yarandığı gündən bu günə kimi, müstəqil Azərbaycanın keçdiyi şanlı yolun böyük və əhəmiyyətli hissəsi, bilavasitə Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Əslində, Yeni Azərbaycan Partiyasının 27 illik tarixi, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Çünki partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə və tərəqqisinə öz töhfələrini əsirgəməyib. Zamanın sınaqlarından uğurla çıxan demokratik və sivil cəmiyyətdə xüsusi fəaliyyəti ilə seçilən Yeni Azərbaycan Partiyası yüz minlərlə insanı bir ideologiyada - Ulu Öndər Heydər Əliyev ideologiyasında birləşdirib. Əlbəttə, uzun və keşməkeşli yol qət edən və hazırda iqtidar partiyası kimi istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə öz sözünü deyən YAP, bütün mənalarda, Azərbaycanın inkişaf və tərəqqisində öz nəhəng töhfələrini verməkdə davam edir. Bu partiyanın üzvü olan hər bir kəs bunu qürur və əqidə mənbəyi olaraq qiymətləndirməkdədir. Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib. Yeni siyasi fəlsəfə ilə, yeni baxışlarla ölkənin siyasi meydanına qədəm qoyan partiya, qısa bir zamanda, böyük və nüfuzlu siyasi təşkilat olduğunu sübut edib. Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib.
Ötən 27 ildə keçdiyi fəaliyyət yolunu nəzərdən keçirsək, bizlər eyni zamanda, YAP-ın timsalında xalq-iqtidar vəhdətinin şahidlərinə çevrilmişik. Əbəs yerə deyil ki, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 750 mindən çox insanı birləşdirir və onların 40 faizi gənclərdir. Ümumiyyətlə, geridə qoyulan hər bir il partiya üçün öz əlamətdarlığı ilə seçilmişdir. Bu baxımdan, 2019-cu il də Yeni Azərbaycan Partiyası tərəfindən uğurla başa çatdırılmaqdadır. Cari il ərzində, YAP bir çox mühüm fəaliyyətləri ilə ölkəmizin inkişaf və tərəqqisinə öz töhfələrini verib. Partiyanın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici, eləcə də, məqsədyönlü və müdrik siyasətinin tərkib hissəsində yer alan Yeni Azərbaycan Partiyasının əldə edilən hər bir uğurda, hər bir nailiyyətdə öz rolu və yeri mövcuddur. Partiya tərəfindən keçirilən tədbirlər, verilən qərarlar və onların icrası, reallaşdırılan çoxsaylı kampaniyalar bu il də davam etdirilib. Xüsusilə, ətraf mühitin qorunmasında və mühafizəsində daim öndə olan YAP-ın təşəbbüsləri sırasında baş tutan ağacəkmə kampaniyaları bu gün də tam sürətlə davam etdirilməkdədir. Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünün bütün regionlarında reallaşdırılaraq, bu işdə Yeni Azərbaycan Partiyasının daha yüksək fəallıq nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir" fikirləri hər bir dövr üçün aktuallığını qoruyur. Bu faktoru, xüsusi olaraq vurğulamaq lazımdır ki, partiya sıralarına gələnlərin əksəriyyətinin gənclər olması Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin xalqımızın bütün təbəqələrinin, xüsusən, gənclərin arasında yorulmaz fəaliyyəti, misilsiz xidmətləri ilə daha böyük inam və etibar, hörmət və nüfuz qazanmasını təsdiq edir. Bu, ondan xəbər verir ki, Azərbaycan gəncliyi öz potensial imkanlarını ortaya qoymaq üçün bu partiyada meydan görür.
Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, noyabrın 14-də Heydər Əliyev Mərkəzində partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxış edən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Cənabları hakim siyasi təşkilatın fəaliyyəti ilə bağlı bir çox əhəmiyyətli məqamlara toxunaraq, vurğulayıb ki, əldə edilən bütün uğurlarda YAP-ın, onun üzvlərinin böyük zəhməti və rolu var: "Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti və rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var. Mən bu gözəl yubiley münasibətilə partiyamızın bütün üzvlərini bir daha təbrik etmək istəyirəm. Yeni Azərbaycan Partiyasına yeni uğurlar, qələbələr arzulayıram".
Beləliklə, bu gün Azərbaycanın inkişaf və tərəqqisində xüsusi yeri olan Yeni Azərbaycan Partiyası növbəti 9 fevral parlament seçkisinə, ümumiyyətlə, 2020-ci ilə böyük inam və qələbə ruhu ilə getməkdədir.
Bu yerdə Azərbaycan Respublikası Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun əvvəldə dediyi fikirini bir daha vurğulamaq istərdim: "İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək, Prezident İlham Əliyevin islahatlar strategiyasına öz dəstəklərini növbəti dəfə göstərəcəklər".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər