Cari ildə təhsil sahəsində əldə olunan uğurlar təhsilin inkişafına ayrılan diqqətdən və dünya standartlarına uyğun qurulmasından qaynaqlanır
Azərbaycanın bütün sahələrində olduğu kimi, 2019-cu il təhsil sahəsində də uğurlar və nailiyyətlərlə yadda qalacaq. Bu gün sivil ölkələr sırasında Azərbaycanı nüfuzlu dövlət kimi görürüksə, bu dövlətin güclü silahı olan elmi inkişafdadır. Ölkə rəhbərliyi tərəfindən atılan addımlar bu sahənin daha da inkişafına yönəlmişdir. İyirmi birinci yüzillik elm və informasiya əsri olduğundan, sürətli inkişafda Azərbaycan da təhsilini dünya səviyyəsində qurur. Təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Təhsil sistemində əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb.
Təhsil sahəsində olan statistik göstəriciləri bu sahədə həyata keçirilən dövlət proqramlarının, layihələrin, islahatların məntiqi nəticəsidir. Elə yola salmaqda olduğumuz 2019-cu ildə də təhsil sahəsində uğurlar əldə olunub. Hazırda təhsil bütün pillə və səviyyələr üzrə yenilənir. Belə ki, ölkəmizdə 2019-cu ildə 50-si modul tipli olmaqla, 84 məktəbin tikintisi və əsaslı təmiri başa çatdırılıb. 2003-2019-cu illər ərzində 3300-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da, bütün məktəblərin 74 faizini təşkil edir. Təhsil ocaqlarının yenidən qurulması, təmiri və inşası istiqamətində, davamlı olaraq işlər görülür.
MÜƏLLİMLİK RƏQABƏTLİ BİR PEŞƏYƏ ÇEVRİLİB
Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatdırılıb, müəllimlərin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Müəllimlərin fəaliyyətinin stimullaşdırılması tədbirləri davamlı xarakter alıb, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb. Görülən işlərin nəticəsidir ki, cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən, 3 dəfədən çox artaraq, 54 min nəfəri ötüb. Cari ildə ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanlardan hər 4 nəfərdən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.
İstedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq məqsədilə, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası yaradılıb. Elektron portallardan istifadə sayı 5 milyona yaxınlaşıb. Müasir standartlara cavab verən təhsil müəssisələrində yaradılmış şərait bu gün məktəblilərin beynəlxalq olimpiadalarda iştirakına, müxtəlif layihələrdə qalib kimi adının hallanmasına səbəb olub. 2019-cu ildə 76 Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2847 medal (respublika üzrə 1810, beynəlxalq 1037) qazanıblar. Respublika və Beynəlxalq Olimpiada, incəsənət və idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olan 100 nəfər istedadlı gənc Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ əldə ediblər.
TƏQAÜD ALAN TƏLƏBƏLƏRİN SAYI CARİ TƏDRİS İLİNDƏ 45 FAİZƏ ÇATDIRILIB
Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq Sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb, 2020-2021-ci tədris ilində isə, 50 faizə çatdırılması nəzərdə tutulub. 110 mindən artıq tələbənin təqaüdü artırılıb. Ölkə başçısının ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara müvafiq olaraq, 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdü 2019-cu il martın 1-dən orta hesabla 20 faiz, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 30 faiz artırılıb. 17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Belə ki, bu gün ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan 17120 nəfər məcburi köçkün statusuna malik olan, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin uşaqları, I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin və tələbələrin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
90-a yaxın ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə 2019-2020-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 90-a yaxın ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə təhsil alır. 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Cari tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4, ümumilikdə isə, 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. 2019-cu ildə 701 SABAH tələbəsi məzun olub. Onlardan 287 nəfər Azərbaycanda, 136 nəfər isə xaricdə magistratura təhsili alır.
"2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın icrasına başlanılıb. İlkin mərhələdə proqram çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının təsis olunması ilə bağlı hazırlıq işləri görülməkdədir. Xaricdə doktorantura təhsili üçün prioritet ixtisaslar artıq müəyyən edilib, seçim məqsədilə müvafiq elan verilib.
Bu yüksək göstəricilərin əldə edilməsi ölkəmizdə təhsilin inkişafına ayrılan diqqətdən və dünya standartlarına uyğun qurulmasından qaynaqlanır. Azərbaycanın dünyaya inteqrasiya olunduğu zamanda, Azərbaycan təhsilinə yönəlmiş diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcək ziyalıların yetişməsinə doğru uğurlu bir addımdır.
Ardıcıl olaraq, təhsil sahəsində köklü islahatların aparılması məktəblilərin burada şəxsiyyət kimi formalaşmasına təsirini göstərməkdədir. Müasir dövrümüzdə bu islahatların ən mühüm mərhələsi yaşanılır. Təhsilin məzmunu və keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Dövlət başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 16 il ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilib. Qəbul olunmuş dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayır. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə və yüksək nəticələrin qazanılmasına xidmət edir. Gələcəyin inkişafı onun təhsilindən başlayır. Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir". Dünyada mövcud olan ən qabaqcıl təcrübə Azərbaycanda tətbiq edilir.
Zümrüd BAYRAMOVA