Prezident İlham Əliyev: "Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun"
"Bu, bir real faktdır ki, hər il başa çatarkən növbəti ilə hansı uğurlarla qədəm qoyuruq" sualını qarşıya qoyuruq. Bu sualı cavablandırmaq üçün ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial, mədəni, demokratik islahatlar və xarici siyasət sahəsində qazandığı uğurları bir daha təhlil etmək zərurəti duyulur. Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2019-cu il uğurlu il kimi də estafeti 2020-ci ilə çox böyük nailiyyət və yeniliklərlə təhvil verməyə çox az vaxt qalıb. Xalqımız 2020-ci ilin də böyük sevinc və qələbələr ili kimi ilk gündən xeyirli, bərəkətli və işğal altında olan torpaqlarımızın azad olması ili kimi tarixə düşəcəyinə inanır. Qədəmlərin uğurlu olsun, 2020-ci il!
Bu gəlişi gözəl söz deyil, real faktlara əsaslanan nəticələrdir. Çünki əsl siyasət konkret və real iş görməkdən ibarətdir. Son 16 il ərzində, Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar bir daha dövlət başçımızın daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini və gerçəkliyə adekvat olduğunu göstərmişdir.
Bugünükü uğurlar əsl siyasətin, görülən real işlərin məntiqi nəticəsidir ki, Azərbaycan inkişaf etmiş dünya ölkələri sırasında 45-ci yerdədir. "Bizim hamımızın vəzifəmizdir ki, ölkədə bu siyasəti davam etdirək, əldə olunan uğurları artıraq və hərtərəfli inkişaf üçün böyük imkanlardan istifadə edərək, qoyulmuş bu gözəl təməl üzərində müasir Azərbaycan yaradaq" deyən Cənab İlham Əliyev imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə və işləkliyinə nail olmuşdur.
Bəli, bu gün müstəqil Azərbaycan inkişafının ən qüdrətli dövrünü yaşayır. Məhz bu inkişaf bütün dünyaya örnək olan Prezident İlham Əliyev siyasətinin uğurlu nəticəsidir ki, GÜCLÜ DÖVLƏT-GÜCLÜ XALQ birliyi nəticəsində, getdikcə möhkəmlənir. Və hər bir vətəndaş da dövlət siyasətində xalq-iqtidar vəhdətinin uğurlu nəticəsinin şahidi olur.
Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində də bu uğurlu inkişafdan, regional və qlobal miqyasda Azərbaycanın atdığı addımlar və əldə edilən diplomatik nəticələrdən danışaraq, 2020-ci ilin də ölkəmiz üçün uğurlu il olacağını bildirib: "2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir. Bir şeyi, tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb. Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun".
"Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur"
Bəli, dövlət başçısı çıxışlarında dəfələrlə bu cavabı verib. Və ölkə başçısının bu cavabı Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi və iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilən real sübutudur. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən, ötən illərdə dünyada hökm sürən maliyyə böhranı bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, ölkəmizdə sosial layihələr və iqtisadi islahatların icrası zəifləmədi, hətta əvvəlki sürətlə davam etdirildi. Bu gün ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasəti bunu sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq, 180 manatdan 250 manata çatdırılması Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla, ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir.
Burada bir məqamı xüsusi qeyd etmək istərdik: həmin 950 min nəfərin heç də hamısı 250 manatdan aşağı əmək haqqı alanlar deyil və onların mühüm bir hissəsi maaşları 250 manatdan yuxarı olanlardır.
Beləliklə, Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə təkcə qonşu yox, MDB-yə üzv ölkələrlə müqayisə edildikdə, alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə sahiblənmiş olacaq. Bu artım, digər tərəfdən, özəl sektora da böyük təsir göstərir. Çünki bu amil özəl sektorda da işçi qüvvəsinin rəqabət qabiliyyətini gücləndirir və əmək bazarına müsbət təsir edir. Minimum əməkhaqqının artırılması həm də Azərbaycanın makroiqtisadi və beynəlxalq göstəricilərinə müsbət təsir etməklə, birbaşa ölkəmizin inkişafına xidmət edir.
Əslində, dövlət başçımız bu siyasətini 16 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir. Yəni Prezident İlham Əliyev deyərkən, xalq yalnız dövlət başçısı deyil, həm də bir qayğıkeş şəxsiyyət, böyüklük rəmzi, ağsaqqala, ağbirçəyə sonsuz hörmət bəsləyən Vətən övladı görür. Və həmişə də bu qayğı görünməkdədir. Hələ 2016-cı ilin aprel zəfəri zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşib, cəbhədə yağı düşmənə layiqli cavab verən, işğal altındakı torpaqlarımızın bir hissəsini azad edən Ordumuza möhtəşəm dəstəyini göstərdi. Bu dəstək Ali Baş Komandanımıza verilən dəstək idi və hər kəs veriləcək əmrə tabe olduğunu nümayiş etdirirdi. Bu dəstək dağı belə yerindən oynadan xalqın dəstəyi və birliyi idi! Bu dəstəyin, xalqın dövlətinə olan etibar və inamının sübutudur.
Göründüyü kimi, görülən hər bir iş, atılan hər bir addım, Azərbaycan dövlətinin uğurlu inkişafı və xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu gün Azərbaycanın daha güclü olması üçün ardıcıl uğurlu siyasəti davam etdirmək son 16 ildə görülən işlərin uğurlu nəticələri bir daha təsdiqləyir.
Bir sözlə, bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
RƏFİQƏ KAMALQIZI