Siyasət

  • 7 651

"Könüllülər ili" gənclərə olan yüksək inamın və dəyərin göstəricisidir

image

Hər bir xalqın işıqlı gələcəyi, onun mənəvi inkişafı, məhz xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız yardımsevərlik kimi müqəddəs niyyətlər təməli üzərində böyüyən, formalaşan və bu kimi nəcib ənənələrə sadiq qalan gənc nəsildən çox asılıdır.Bu səbəbdəndir ki, bu gün gənclərimizin pis vərdişlərdən uzaq olmaları, düzgün yola istiqamətləndirilmələri, sosiallaşmaları, onların sosial müdafiəsi, məşğulluğunun təmin olunması, onlara göstərilən xüsusi diqqət və qayğı dövlətimizin yürütdüyü gənclər siyasətinin əsasını təşkil edir.Gənclərin roluna həmişə xüsusi diqqət yetirən, gənclərlə bağlı məsələləri öz fəaliyyətinin əsas tərkib hissələrindən biri kimi hesab edən Ümummilli Lider Heydər Əliyev demişdir: "Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir".Bunun nəticəsidir ki, dövlətimiz tərəfindən həyata keçirilən uğurlu gənclər siyasəti gənclərin yeni inkişaf nümunəsi kimi könüllülük hərəkatının da cəmiyyətdə, xüsusilə gənclər arasında təbliğinə, onun daha da genişlənməsinə səbəb olmuşdur.Bu baxımdan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu gənclər siyasətinin məntiqi davamı olaraq, Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında 30 dekabr 2019-cu il tarixli Sərəncamı, məhz ölkəmizdə könüllülük ənənələrinin mühüm əhəmiyyət kəsb etməsinin ali səviyyədə verilən qiymətin əyani təsdiqi ilə yanaşı, onun daha da genişlənməsinə və inkişaf etməsinə şərait yaratmış olacaqdır.Bu gün ölkəmizdə ASAN Könüllülər Təşkilatı, "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, ümumilikdə, demək olar ki, ölkənin bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarını əhatə edən, on minlərlə gənci vahid amal ətrafında sıx birləşdirən könüllü qrupları fəaliyyət göstərir.Xüsusilə 2008-ci ildə ölkəmizdə ilk dəfə keçirilən Avroviziya Mahnı Müsabiqəsi könüllülük hərəkatının daha da genişlənməsinə səbəb olmuşdur. Daha sonra 2015-ci ildə keçirilən I Avropa Oyunları, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları, bir neçə ildir ki, ardıcıl, mükəmməl şəkildə təşkil olunan "Formula 1" yarışları və digər bu kimi mötəbər, irimiqyaslı beynəlxalq tədbirlərin uğurla həyata keçirilməsində könüllülər xüsusi rol oynamaqla yanaşı, ümumi sayları iyirmi iki mini ötmüş böyük bir könüllülər ordusunu da yaratmış oldular.Bir sözlə könüllülər öz təşəbbüskarlıqları, müasir dünyagörüşləri, yenilikçi və yaradıcı düşüncə tərzləri ilə fəaliyyət göstərdikləri hər bir sahəyə yeni nəfəs, yeni həyat verirlər.Hesab edirəm ki, könüllülərimiz - ümumilikdə isə vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclərimiz bu il də və bundan sonrakı illər ərzində də xalqımızın rifahına, dövlətimizin daha da güclənməsinə, onun çiçəklənməsinə böyük inam və səylə xidmət etmiş olacaqlar.Bizim ümumi evimizə - Vətənimiz Azərbaycana xidmətdə, bu müqqəddəs işinizdə Sizlərə bol-bol uğurlar, əziz Könüllülər!

COŞQUN MƏMMƏDOV,
Azərbaycan Respublikasının Milli Məclisi,
Elm və təhsil komitəsinin eksperti

sia.az

Digər xəbərlər