Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.Mətbuat konfransını giriş sözü ilə açan Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən strateji dövlət kursunun tətbiqi ardıcıl tarixi sınaqlardan çıxmaqla əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də milli maraq və mənafelərimizin qarantı olub.
Vurğulanıb ki, dövlət idarəçiliyində formalaşdırılmış müsbət təcrübə və amillər fonunda ötən il Azərbaycanın ictimai-siyasi xronikası əsasən üç istiqamət üzrə - iqtisadi, sosial və hüquqi sahədə aparılan köklü islahatlarla səciyyələnib, vətəndaş rifahının daha da yüsəldilməsinə hesablanan bu siyasət ölkəmizin beynəlxalq arenadakı fəal və nüfuzlu mövqeyi ilə uğurlu vəhdət təşkil edib.
Mətbuat konfransında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Ceyhun Kazımov isə çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq 2019-cu ildə də korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlərin uğurla davam etdirildiyini bildirib.
Çıxışda ötən illərdə açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planlarının icrasının dövlət orqanları tərəfindən yüksək faizlə yerinə yetirildiyi, hazırda da Azərbaycan Açıq Hökumət Platforması Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə birgə yeni Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanması istiqamətində işlərin aparıldığı qeyd olunub.
Həmçinin korrupsiyanın qarşısının alınması sahəsində maarifləndirmənin rolunun artırılması məqsədilə “Azərbaycan Anti-Korrupsiya Akademiyası” layihəsi çərçivəsində dövlət qurumlarının əməkdaşlarına müxtəlif istiqamətlər üzrə çoxsaylı təlimlər keçirildiyi, təşkilatın fəaliyyətinin bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən də dəstəkləndiyi diqqətə çatdırılıb.
Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2019-cu il ərzində gördüyü işləri müsbət dəyərləndiriblər.
Mətbuat konfransında Prezident cənab İlham Əliyevin ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində tövsiyə və göstərişlərinə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsinin təmin ediləcəyi xüsusi vurğulanıb.
Tədbirin sonunda QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ictimaiyyətin maarifləndirilməsi sahəsində görülən işlər çərçivəsində yeni nəşr edilmiş və özündə bu sahənin nəzəri və praktiki aspektlərini, istiqamətlərini ehtiva edən “Korrupsiyaya qarşı mübarizənin əsas istiqamətləri və hədəflər” adlı məqalələr toplusunun təqdimatı keçirilib.
sia.az