Siyasət

  • 6 087

MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupu Milli Məclisə seçkilərin uzunmüddətli monitorinqinə başlayıb

image

Yanvarın 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) direktor vəzifəsini icra edən Yekaterina Qoloulinanın rəhbərliyi ilə həmin qurumun əməkdaşlarından ibarət beynəlxalq müşahidəçilər qrupunun üzvləri Bakı şəhərində Milli Məclisə seçkilər üzrə seçki kampaniyasının gedişinin müşahidəsinə başlayıblar.

Uzunmüddətli monitorinq mərhələsində həyata keçirilən tədbirlərdə yerli müşahidəçi statusuna malik olan MDB PA DİMBİ-nin Bakı filialının əməkdaşları da iştirak edirlər. Uzunmüddətli monitorinq proqramına əsasən yanvarın 14-də MDB PA-dan olan müşahidəçilər Mərkəzi Seçki Komissiyasının Sədri Məzahir Pənahov və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev ilə görüşüblər.
Mərkəzi Seçki Komissiyasında keçirilən görüşdə Məzahir Pənahov MDB PA-nın nümayəndələrini deputatlığa namizədlərin qeydiyyatı, seçici siyahılarının formalaşması mərhələsində Komissiyanın fəaliyyəti, məntəqə və dairə seçki komissiyaları üzvlərinin təlimi, seçki prosesinin bütün iştirakçılarının hüquq mədəniyyətinin artırılması üçün həyata keçirilən tədbirlər barədə məlumatlandırıb. Qonaqlar deputatlığa namizədlər və onların vəkil edilmiş şəxsləri, məntəqə seçki komissiyalarının üzvləri, eləcə də KİV nümayəndələri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan metodiki materiallar, məlumat-yaddaş kitabçaları ilə tanış olublar.
MDB PA-nın nümayəndələri 2016-cı ildən sonra Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilən dəyişikliklər, yanvarın 17-də start veriləcək seçkiqabağı təşviqatın aparılmasına dair bir sıra suallar səsləndiriblər. Görüş iştirakçıları seçkiqabağı təşviqatın aparılması üçün siyasi partiyalar, müstəqil namizədlər tərəfindən internetdən istifadədə artan fəallıq barədə fikir mübadiləsi aparıblar.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə görüşdə seçkilərlə bağlı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin qısamüddətli monitorinq mərhələsində Azərbaycan Respublikasının indiki parlamentində yüksək təmsilçilik səviyyəsinə malik partiyaların seçkiqabağı qərargahlarının rəhbərliyi ilə görüşlər barədə razılıq əldə edilib.
MDB PA DİMBİ-nin Bakı filialında görüşlərin nəticələrinə ilə bağlı işçi müşavirə keçirilib. Müşavirədə uzunmüddətli monitorinq mərhələsində DİMBİ-nin Bakı filialının ekspertləri və əməkdaşlarının regionlarda, o cümlədən Gəncə, Mingəçevir, Samux, Şəmkir, Lənkəran, Astara, Lerik, Masallı şəhərlərində və ətraf rayonlarda bir sıra yaşayış məntəqələrini əhatə edən fəaliyyət planı təsdiq edilib.

yap.org.az

Digər xəbərlər