Siyasət

  • 6 406

Deputatlığa namizəd Hikmət Babaoğlu şəhid ailələrini ziyarət edib

image

Yeni Azərbaycan Partiyasının 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib.

Şəhid ailələrinin üzvləri ilə görüşən Hikmət Babaoğlu Vətənimizin bütövlüyü uğrunda canlarımızı qurban vermiş oğullarımızla xalqımızın hər zaman qürur duyduğunu bildirib. Onun sözlərinə görə, xalqımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların ailələrinə xüsusi hörmətlə yanaşır. Hikmət Babaoğlu deyib ki, dövlətimizin siyasətində şəhid ailələrinə diqqət və qayğı mühüm yer tutur. O, hələ ötən ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşünü xatırladıb və bu görüşün əhəmiyyətini vurğulayıb: “Görüşdə şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət dilədi, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini dedi. Prezident İlham Əliyev şəhid anasının ayağa qalxmasına izin vermədi, özü onun yanına getdi və bir daha şəhidlərimizin və onların ailələrinin bizim üçün nə qədər dəyərli olduğunu nümayiş etdirdi. Milli birliyimizi də, torpaqlarımızın azad olunmasını da, Vətənimizin bölünməzliyini də təmin edəcək mənəviyyat budur. Ona görə də ərazi bütövlüyümüzün bərpa olunacağı gün uzaqda deyil”.Deputatlığa namizəd söyləyib ki, Ali Baş Komandanımız hər zaman qətiyyətlə bəyan edir ki, Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq: “Doğrudan da ötən illər ərzində həyata keçirilən müstəqil siyasət güclü iqtisadiyyatımızın yaranmasına, beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinin və rolunun möhkəmlənməsinə gətirib çıxarıb ki, bunlar da ərazi bütövlüyümüzün bərpa olunması üçün real geostrateji şərtlər formalaşdırıb”.Hikmət Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub. Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib. Təsadüfi deyil ki, bu vaxta qədər belə vətəndaşlara minlərlə mənzil, avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşır, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanır. Prezident İlham Əliyevin Fərmanına əsasən, şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələr verilib. “Prezident İlham Əliyevin siyasətində şəhid ailələrinə qayğı davamlı xarakter daşıyır.Bu amil şəhidlərimizin və onların ailələrinin hər birinin Azərbaycan dövləti və xalqı üçün son dərəcə dəyərli olmasının sübutudur”-deyə, Hikmət Babaoğlu vurğulayıb.Fevralın 9-da ölkəmizdə parlament seçkilərinin keçiriləcəyini deyən deputatlığa namizəd Yeni Azərbaycan Partiyasının seçki proqramında da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, qaçqın və məcburi köçkünlərimizlə bağlı məsələlərin diqqət mərkəzində olduğunu vurğulayıb.Öz növbəsində şəhid ailələrinin üzvləri dövlətimizin qayğısından razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, şəhid ailələrinin üzvləri bütün seçkilərdə cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına səs verirlər.

yap.org.az

Digər xəbərlər