Siyasət

  • 12 226

Daşaltı əməliyyatından 28 il ötür

image

Bu gün Daşaltı əməliyyatından 28 il ötür. Daşaltı əməliyyatı Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyatdır. Bu əməliyyat 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsində, əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək, tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək, geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa, onlarla əsgər hələ də itkin düşmüş sayılır.
Qeyd edək ki, 1992-ci ildə yanvarın ortasına doğru Qarabağda ağır vəziyyət yaranmışdı. Erməni qoşunları öz hərbi üstünlüyündən istifadə edərək, Dağlıq Qarabağda azərbaycanlılar məskunlaşan məntəqələri mühasirəyə alır və bir-birindən onları təcrid edir, sonra isə, müntəzəm surətdə bu məntəqələri tutmağa başlamışdılar. Bu məntəqələrin işğalı zamanı dinc əhali bu kəndlərdən qovulur, kəndləri isə yandırırdılar. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Şuşanın ətrafında gərgin vəziyyət yaranmışdı. Şəhərin ətrafında olan erməni kəndləri erməni silahlı qruplaşmalarının dayaq məntəqələrinə çevirilmişdi, bu məntəqələrdən həm Şuşa şəhəri, həm yaxınlıqdakı azərbaycanlı kəndləri, həm də Şuşa-Laçın yolu daim atəşə tutulurdu. Daşaltı kəndi özü Şuşadan 3-4 kilometr məsafədə, Şuşa–Laçın magistral yolu boyunca yerləşir. Bu kənddəki atəş mövqelərindən erməni qoşunları Şuşaya, həmçinin, Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyata daim atəş açırdı, bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycan komandanlığı Daşaltı kəndində erməni qoşunlarının atəş nöqtələrinin məhvi üzrə əməliyyat keçirmək qərarı qəbul etdi. Əməliyyata böyük əhəmiyyət verilirdi. Bütün cəbhə xətti üzrə erməni qoşunlarına diqqəti yayındıran zərbələri hazırlanırdı. Bu halda, əsas zərbələr Daşaltıya və Əsgərana vurulmalı idi. Ancaq Daşaltı əməliyyatı zamanı cəbhənin başqa sahələrində erməni qüvvələrinə heç bir zərbə endirilmədi. Əmrdən iki gün sonra Şuşaya hərbi texnikanın heç biri gəlmədi və iki ədəd texnika yolda sıradan çıxaraq, Laçında qaldı. Mənbələrə əsasən, daha iki ədəd zirehli texnika isə Qubadlıda qalıb.
Beləliklə, Daşaltı əməliyyatı uğursuzluqla nəticələnib.
İşğal altında olan torpaqlarımız tezliklə azad olacaqdır. Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənib. Bu istiqamətdə, son illər ərzində, böyük işlər görülüb. Azərbaycan iqtisadiyyatının yüksəlişi, bütün sahələrdə olduğu kimi, ölkənin hərbi qüdrətinin də artmasında müsbət təsirini göstərib. Son bir neçə il ərzində, Azərbaycanda müasir və çox güclü Hərbi-Sənaye Kompleksi yaradılıb. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib və bunun nəticəsi olaraq, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik ordumuz var. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, "Ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün və hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik".
Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə, ordumuzun güclənməsi ilə müşayiət olunması Cənab Prezidentin öz vədinə sadiq olduğunu bir daha təsdiq edir. Bəli, bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və heç şübhəsiz ki, belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Dağlıq Qarabağda dalğalandırmağa qadirdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər