"Beynəlxalq müşahidəçilər hər şeyi öz gözləri ilə gördülər" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə Azərbaycanda keçirilmiş 9 fevral növbədənkənar parlament seçkiləri çox yüksək aktivliklə müşahidə olundu. Bunu danmaq mümkün deyil. Çünki ötən illərlə müqayisədə baxdıqda, burada xeyli yeniliklər oldu. Birincisi namizədlərin qeydə alınması prosesi ilə bağlı deyə bilərəm ki, həqiqətən də rekord sayda namizədlər qeydə alındı”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Sədr müavinin sözlərinə görə, seçici aktivliyi çox yüksək səviyyədə oldu ki, bu da ümumilikdə seçkiyə inamı daha da artırdı: “Bunu görməməzlikdən gəlmək mümkün deyil. İkincisi bu seçkilərdə çox ciddi şəkildə sosial şəbəkələr faktoru üzə çıxdı. Sosial şəbəkələrin qatılması və alternativ medianın gücü ilə seçkilərdə çox ciddi təbliğat-təşviqat prosesi həyata keçirildi. Təbii ki, bu da reallıq olaraq otalıqda göründü. Hesab edirəm ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT-in Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) birgə fəaliyyəti olan müşahidə missiyasının parlament seçkilərinin nəticələrinə dair verdiyi birgə bəyanat da bu görüntülərin nəticəsidir. Maraqlı cəhət o idi ki, onlar bu dəfə məntəqələri bir-bir gəzdilər, insanlarla görüşdülər və onların fikirləri ilə yaxından tanış oldular. Bütün bunlar bir daha imkan verdi ki, onlar hər şeyi öz gözləri ilə görsünlər. Bu gün ölkədə keçirilmiş parlament seçkiləri də cənab Prezidentin apardığı islahatların bir elementidir. Ölkədəki dəyişmiş əhval-ruhiyyə, yeniləşmə mühiti seçkilərdə də özünü göstərdi və beynəlxalq müşahidəçilər də bunları öz gözləri ilə gördülər. Arzu edək ki, islahatlar kursu davamlı olsun”.

sia.az