Siyasət

  • 5 913

Elmar Məmmədov: Növbəti rəzillik şousu məğlubiyyətə düçar oldu

image

“Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti sosial-hüquqi ədalətsizliklərdən və avtoritarizmin təzahürlərindən qoruyur. 1993- cü ilin ikinci yarısından başlayaraq ölkəmizdə azad və ədalətli, şəffaf, demokratik seçkilərin keçirilməsinin əsası qoyulub. Beynəlxalq təşkilatlar tərəfindən demokratik sənəd kimi dəyərləndirilən Azərbaycan Respublikasının Seçki Məcəlləsi və qəbul edilmiş digər qanunvericilik aktları seçkilərin şəffaf və demokratik keçirilməsi üçün mükəmməl hüquqi bazadır”. Bu fikirləri YAP Gənclər Birliyi Ofisinin rəhbəri Elmar Məmmədov deyib.
Onun sözlərinə görə, xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında da xüsusi əhəmiyyət kəsb edən 09 fevral 2020-ci il tarixdə keçirilmiş parlament seçkiləri uğurla başa çatdı. Növbədənkənar parlament seçkiləri artıq baş tutdu və bu seçki demokratik, azad və şəffaf şəkildə keçirildi. Biz özümüzə də, dünyaya da, demokratik seçki keçirə bildiyimizi sübut etdik. Çünki bütün seçki proseslərində ən mühüm məsələ etimad məsələsidir. Etimadı təmin edən isə şəffaflığı təmin edən amillərdir. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hər zaman öz çıxışlarında və əməllərində milli maraqlara zidd mövqedən çıxış edən, xalqın və dövlətin mənafeyini heçə sayan, anti-Azərbaycan dairələrin tapşırığı əsasında hərəkət edən radikallar öz ənənəvi ampulasına sadiq qalaraq parlament seçkiləri sonrası yenidən öz performanslarını nümayiş etdirməkdən çəkinmədilər. Hər dəfə seçki öncəsi və sonrası özlərinin məşhur “rəzillik şouları” ilə yadda qalan bizim üzdəniraqlar yenidən öz varlıqlarını, özlərinin guya ki hansısa bir “çəki”yə malik olduqlarını göstərmək üçün min bir yola baş vurub yenidən hansı xaraktersizliyə malik olduqlarını sübut etdilər. Dünən 5-10 nəfərin küçə şousunu xalqın etirazı kimi qəbul edənlər deyəsən Azərbaycan xalqının 10 milyonluq xalq olduğunu yaddan çıxarıblar. Daha anlamırlar ki, xalqın seçiminə etiraz etməklə birbaşa Azərbaycan dövlətinin maraqlarına qarşı çıxmış olurlar. Avropadan pənah umanlar dərk etmək istəmir ki, hansı tərəfə gedəcəyini bilmirsənsə o zaman, hansı yolla getməyinin heç bir əhəmiyyəti yoxdur. Sözün əsl mənasında hansısa qrant naminə və ya kimlərinsə gözündə məzlum kimi görünmək üçün ağlaşma quranlar həqiqətən də ictimai rəydə özlərinə qarşı istehza baxışlarını daha da gücləndirmiş oldular. Bunların dünənki pozuculuq aksiyası suyu bulandırmaqdan başqa bir şey deyildi. Biz bir daha əmin olduq ki, radikallar və onların ətrafında olan 5-10 nəfər beyni zəhərlənmiş gənc şərəf və ləyaqətdən uzaq olub, haray-şivənləri ilə sadəcə gündəm yaratmağa çalışan ünsürlərdir.
Elmar Məmmədov bildirib ki, əfsuslar olsun ki, bu gün dünyada geosiyasi proseslərin getdiyi bir vaxtda öz dövlətinin müstəqilliyinə, təhlükəsizliyinə təhdidlər yağdıran və daxili ictimai-siyasi sabitliyi pozmağa çalışan bir qrup şəxs anti-Azərbaycan qüvvələrin oyuncağına çevrilib. Bununla da, öz şəxsi ambisiyaları uğrunda milli maraqlarını qurban verməkdən belə çəkinmirlər. Əsas narahatedici məqam isə budur ki, həmin radikallar müəyyən gənclərin iradəsindən də sui-istifadə etmiş, onların icazəsiz aksiyada iştirakına şərait yaradaraq, qanunsuz əməllərinin çevrəsini daha da genişləndirmişlər.
Lakin bütün bunların fonunda bizim iradəsizlər unudurlar ki, Azərbaycan güclü dövlətdir, onun güclü Lideri var və Azərbaycanda sarsılmayan güclü xalq və iqtidar birliyi mövcuddur.

yap.org.az

Digər xəbərlər