"Könüllülük çox gözəl layihədir" ÖZƏL-AÇIQLAMA

"Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanda könüllülər hərəkatına verilən önəm son dövrlər dövlət idarəetmə sistemində və nəsillərin əvəzlənməsi, gənc kadrların dövlət idarəetmə sisteminə cəlb olunması baxımından ən uğurlu layihədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.Deputatın sözlərinə görə, könüllülər istər birinci Avropa Oyunları çərçivəsində və bir çox digər beynəlxalq yarışlarda özlərini bu hərəkatın çərçivəsində o qədər yüksək səviyyədə göstərdilər ki, onlar qısa bir zaman keçəndən sonra cəmiyyətin bütün sahələrini əhatə edən strukturlarda artıq iş, vəzifə almaq imkanları əldə etdilər: "Bununla bağlı minlərlə faktlar var. Təbii ki, seçim olaraq istedadlı, ictimai-siyasi proseslərdə aktiv gənclərin iştirak etməsi və sonradan öz kariyeralarını qurması baxımından çox gözəl bir layihədir. Bu mənada hesab edirəm ki, könüllülük hərəkatı layihəsi özünü doğrultmuş bir layihədir. Cənab Prezident də çox doğru olaraq gənclər siyasətinin tərkib hissəsi olan könüllülər hərəkatına çox gözəl dəstək verir. Ölkə başçısı Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılış mərasimində dedi ki, “Azərbaycan könüllüləri vətənpərvərdirlər, biliklidirlər, istedadlıdırlar, Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm etdirirlər”. Bu ifadələr həqiqətən də təqdirəlayiqdir”.

sia.az