"Münhen konfransı Azərbaycanın növbəti parlaq diplomatik qələbəsi oldu" AÇIQLAMA-ÖZƏL

“Azərbaycan haqlı tərəfdir və Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə çıxışında münaqişənin tarixi, siyasi və hüquqi tərəfini tutarlı arqumentlərlə əsaslandırmaqla bunu bir daha isbat etdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.O bildirib ki, dövlət başçısı diplomatik vasitələrlə Ermənistanın ifşa olunması üçün hər zaman lazımi addımları atır: “Münhen konfransı da istər Valday, istərsə də Aşqabaddakı kimi Azərbaycanın növbəti parlaq diplomatik qələbəsi oldu. Son dövrlərdə artıq neçənci dəfədir ki, Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin üz-üzə gəldiyinin şahidi olmuşuq. Piar düşkünü olan Paşinyan özü barəsində demokratik, publikaya açıq siyasətçi imici formalaşdırmaq üçün bu debata məcbur oldu, lakin Ermənistanın əvvəlki rəhbərliyi bu cür təmaslardan hər zaman yayınıb”.N.Məmmədova söyləyib ki, Azərbaycan Prezidentinin konfransdakı çıxışı, erməni baş nazirin gülünc duruma düşməsi həm də ölkəmizin daxilində bir ruh yüksəkliyi yaradıb: “Bu hadisə Azərbaycanın münaqişənin həlli ilə bağlı haqlı mövqeyinin beynəlxalq səviyyədə daha güclü şəkildə dəstəklənməsinə təkan verəcək. Lakin Ermənistanın beynəlxalq mövqelərini zəiflətməklə yanaşı, Paşinyanın da ölkə daxilində nüfuzuna ciddi zərbə vuracaq. Ona olan münasibəti mənfiyə doğru dəyişərək həm əhali arasında, hə də erməni diasporu yanındakı siyasi çəkisini də itirəcəkdir”.Politoloq qeyd edib ki, onsuz da beynəlxalq hüquq baxımından Ermənistanın mövqeləri çox zəifdir: “Bu ölkə heç bir hüquq normasına məhəl qoymayaraq, işğal faktını uzatmaqla dünyanı fakt qarşısında qoymağa çalışır. Döyüş meydanında Ermənistan bir qayda olaraq atəşkəsi pozaraq, Azərbaycanı və dünyanı şantaj edir. Prezident İlham Əliyevin Almaniyada səfərdə olarkən Milli ordumuzun hərbi qulluqçusunun atəş nəticəsində həlak olması buna sübutdur. Lakin ölkə başçısı İlham Əliyevi əsla belə məsələlərlə qorxutmaq olmaz və Onun cəsarətli çıxışı həm Paşinyana, həm erməni diasporuna, həm də onların havadarlarına olan xəbərdarlıq idi. Bu, dünya erməniliyinin əsrlərdir dünyanı aldatmaq siyasətini ifşa edən addım olmaqla yanaşı, informasiya müharibəsində Ermənistanın mövqelərinə endirilmiş sarsıdıcı zərbə oldu”.

sia.az