"Prezident Ermənistanın işğalçılıq siyasətini dünyaya bir daha sübut etdi” RƏY - ÖZƏL

“Prezident İlham Əliyev fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə qarşı tərəfin düz gözünün içinə baxaraq, onların işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında bir daha sübut etmiş oldu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.O bildirib ki, Azərbaycanın ədalətli mövqeyini nümayiş etdirən dövlət başçısının inamlı və faktlara əsaslanan çıxışı Ermənistanın baş nazirini çaş-baş saldı: “Dövlətimizin başçısı etnik təmizləmədən danışarkən, xüsusilə, Xocalı soyqırımı məsələsinə toxundu. Prezident çıxışında bir daha Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və Azərbaycanın ərazi bütövlüyünün bütün dünya ictimaiyyəti tərəfindən tanındığını diqqətə çatdırdı. Panel müzakirələrdən əvvəl Ermənistanın baş naziri suallara cavab verərkən özü də etiraf edib ki, onun ölkəsi işğalçıdır”.İ.Vəlizadənin sözlərinə görə, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iki ölkə rəhbərinin görüşündə aydın oldu ki, Ermənistan rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi tanınmasına çalışmaq və bunu Azərbaycana qəbul etdirməkdir: “Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən dərs keçən Prezident İlham Əliyev əsaslı faktlarla Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu sübut etdi. Ölkə rəhbəri münaqişənin danışıqlar yolu ilə və mərhələli şəkildə həllinin tərəfdarı olduğunu vurğuladı”.

sia.az