“Jurnalist adından sui-istifadə pislənilir” RƏY-ÖZƏL

"Təəssüflər olsun ki, bəzi özlərini jurnalist adlandıran şəxslər aksiyalar zamanı etirazçı kimi çıxış edir və polislə qarşıdurmalara maraq göstərirlər". Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Onun sözlərinə görə, hiss olunur ki, bu istiqamətdə baş verən hadisələr getdikcə artır, yəni müəyyən qrup adamlar özlərini jurnalist hesab edərək polislə münasibətlərdə gərginlik yaratmağa, kənardan diqqət cəlb etməyə cəhd göstərirlər: "Təbii ki, jurnalist olan şəxslərin istənilən bir hadisə yerində sərbəst şəkildə iştirak etmək hüququ var, amma bunun üçün qanunda və Mətbuat Şurasının müəyyənləşdirdiyi etik normalara uyğun olaraq, jurnalistlərin zahirən formaca fərqləndirici xüsusiyyətləri olmalıdır ki, kənardan hər bir kəs asanlıqla müəyyən edə bilsin ki, jurnalist kimdir, aksiya iştirakçısı kimdir. Amma təəssüf ki, bir çox hallarda özünü jurnalist kimi qələmə verən şəxslər əslində faktiki olaraq, bu aksiyalarda iştirakçı tərəfə çevrilirlər və bu da sonda polisin qanunu davranışları nəticəsində xoşagəlməz hadisələrə gətirib çıxardır. Birmənalı bilmək lazımdır ki, jurnalist adından sui-istifadə həm qanunvericilikdə, həm də jurnalistlərin peşə etikası qaydalarında qəti şəkildə qadağan olunur və pislənilir. Hər bir jurnalist, jurnalist adına hörmət qoymalıdır. Yəni kimlərinsə jurnalist adından, jurnalist səlahiyyətlərindən sui-istifadə etməsi qəti şəkildə yolverilməzdir".

sia.az.