Siyasət

  • 4 890

Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir

image

“Azərbaycan xalqı tarix boyu faciələrlə üzləşib. 28 il öncə baş vermiş Xocalı qətliamı isə Azərbaycan tarixində ən dəhşətli faciələrdən biridir”. Bu fikirləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, 28 il əvvəl Azərbaycan tarixində ən dəhşətli faciələrdən biri baş verib. Bir gecədə erməni-daşnak silahlı qüvvələri, onlara havadarlıq edənlər tərəfindən Xocalı şəhəri tamamilə məhv edilib, yer üzündən silinib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirilib. Onun sözlərinə görə, Xocalı faciəsi hərbi cinayətdir. Çünki qətlə yetirilən insanlar dinc, köməksiz insanlar olub. Bu mənada bu qətliam təkcə Azərbaycan xalqının başına gətirilən faciə deyil, Xocalı faciəsi XX əsrdə dünyanın ən dəhşətli qətliamlarından biridir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Azərbaycan xalqı bu faciəni unutmur və heç zaman unutmayacaq. Xocalı faciəsi bizim qan yaddaşımıza çevrilib. Hər il xalqımız bu faciəni, onun qurbanlarının xatirəsini anır.
Baş Nazirin müavini qeyd edib ki, bu qətliamı törədənlər hələ də cəzalarını almayıblar: “Bizi narahat edən odur ki, bu qətliamı törədənlər hələ də cəzalarını almayıblar. Azərbaycan xalqı heç zaman qisasçı olmayıb, amma bizim istəyimiz odur ki, bu qətliamı törədənlər layiqli cəzasını alsınlar, qanun qarşısında cavab versinlər. Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamına lazımi qiymət verməyiblər. Məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır. Bu istiqamətdə dövlət tərəfindən, ictimai təşkilatlar tərəfindən işlər görülür, bəzi ölkələr artıq Xocalı soyqırımını tanıyıblar. Bu baxımdan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyanın böyük əhəmiyyəti var. Güman edirəm ki, bu faciəni soyqırımı kimi tanıyanların sayı artacaq. Ona nail olmalıyıq ki, bütün dünya bu soyqırıma siyasi qiymət versin. Bunun üçün hər bir vətəndaşın, o cümlədən gənclərin üzərinə vəzifələr düşür. Biz bir millət kimi səfərbər olaraq bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik".

yap.org.az

Digər xəbərlər