“BMT Azərbaycanın müstəqilliyi elan olunduqdan sıralarında dayandığı və ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tanıyan ilk beynəlxalq təşkilatdır. Azərbaycan BMT sistemində dünya sülh və təhlükəsizlik prosesinə çox böyük töfhələr verib. BMT-nin bütün əməliyyatlarında, istər humanitar aksiyalarında, istərsə də dünyanın müxtəlif bölgələrində sülhə və təhlükəsizliyə yönəlmiş fəaliyyətlərində hər zaman iştirak edib. Sadəcə BMT-nin üzvü kimi passiv bir status daşımayıb”. Bunu SİA-ya açıqlamasında politoloq, siyasi şərhçi Aydın Quliyev deyib.O, bildirib ki, sözsüz ölkəmizin BMT-yə üzv olduğu bu illər ərzində bizim hər birimizin Azərbaycan vətəndaşı olaraq dövlətimizin BMT-yə nə verdiyi və BMT-dən nə ala bildiyinin müqayisəsini aparmağa tam haqqımız və hüququmuz var: “Deyilməsi nə qədər çətin olsa da lakin etiraf etmək lazımdır ki, BMT üzvü olduğumuz illərdə ölkəmizin BMT-nin prinsiplərinə verdiyi töfhələrin qarşılığında BMT-dən aldıqları çox azdır. Bizim ən böyük problemimiz olan Qarabağ probleminin ədalət və hüquq normalarına uyğun həlli çərçivəsində biz BMT-dən ancaq və ancaq deklorativ bəyannamələr almışıq. Doğrudur BMT indiyə qədər 4 qətnamə qəbul edib və bu qətnamələrdə ölkəmizin ərazi bütövlüyü, suverenliyi birmənalı şəkildə əks olunsa da, qəbul olunan qətnamələrin tələblərinin həyata keçirilməsi üçün biz BMT-dən ardıcıl və israrlı bir fəaliyyət görməmişik. Başqa situasiyalarda Təhlükəsizlik Şurasının qəbul elədiyi qətnamələr çox qısa müddətdə həyata keçirildiyi halda, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi ilə bağlı qətnamələrin həyata keçirilməsində biz BMT-dən istədiyimiz və BMT-nin öz prinsiplərinə uyğun prinspiallığını, qətiyyətini illərdir görmürük. Hətta təcavüzkar Ermənistanın dövlət rəhbərləri, BMT tribunalarından dəfələrlə özlərinin təcavüzkarlıq və ilhaqçı siyasətlərinin ayrı-ayrı prinsiplərini dünyaya yaymaq üçün bir fürsət kimi istifadə ediblər və bunun da cavabını almayıblar”.Politoloq qeyd edib ki, BMT-nin bütün baş katibləri indiyə qədər Ermənistan prezidetlərini, dövlət başçılarını sanki heç nə olmamış kimi qəbul ediblər və danışıqlar aparıblar: “Ancaq bir dəfə də olsun biz üz-üzə söhbətlərdə Azərbaycanın torpaqlarının azad oluması ilə bağlı qəbul etdiyimiz qətnamələri nə üçün yerinə yetirmirsiz kimi sualları kəskin və birmənalı şəkildə onlara ünvanlamayıblar. Azərbaycan BMT-nin prinsiplərinə dünya sülh və təhlükəsizlik maraqları baxımından böyük töfhələr versə də, ancaq bunun müqabilində hələ istədiyimiz və haqqımız olanı almamışıq. Təkcə onu demək kifayətdir ki, BMT-nin mutlikulturalizm, sivilzasiyalararası, mədəniyyətlərarası dioloq kimi böyük platformalarla həyata keçirilməsində bu gün Azərbaycan çox əvəzsiz rol oynayır. Bəlkə də bu platformaların həyata keçirilməsində Azərbaycan qədər BMT-nin prinsiplərinə dəstək verən ikinci bir ölkə yoxdur. Bu gün dünyada tolerantlıq, dinlərarası, mədəniyyətlərarası, sivilzasiyalararası dioloqun ən böyük məkanı, hətta BMT-nin özünün platformasından daha böyük Azərbaycan, məhz Bakıdır”.A.Quliyev vurğulayıb ki, ilk dəfə olaraq BMT və ATƏT-in arasında dünyada təhlükəsizlik və sülh naminə birgə konfransın keçirilməsi təşəbbüsü ilə də məhz Azərbaycan çıxış edib: “Ona görə də Azərbaycanın bu gün BMT-nin sıralarında dayandığı bu illərdə baş verənləri təhlil edərkən qürur hissi keçirməliyik ki, ölkəmiz nüfuzlu beynəlxalq təşkilatın belində sadəcə yük deyil, bu təşkilatın prinsiplərini həyata keçirilməsi üçün çox aktiv şəkildə iştirak edir, onun siyasətinə yeniliklər gətirməyə çalşır. BMT-də islahatlar xəttini ardıcıl şəkildə müdafiə edir. Eyni zamanda bunu da bir daha qeyd etməliyik ki, biz indiyə qədər BMT-dən istədiklərimizi və haqqımız olanı ala bilməmişik”.
sia.az