"Azərbaycan rəhbərliyi və şəxsən Prezident dünya ölkələrinin bir çoxları üçün nümunə ola biləcək təcrübə nümayiş etdirdi. Əlbəttə, belə ağır günlərdə dövlətin tam gücü ilə təhlükəli virusa qarşı, onun yayılması ehtimalına qarşı mübarizə aparıldığı bir dövrdə Azərbaycanın hər bölgəsində istənilən an virusun peyda ola bilmək ehtimalı real olduğu bir vaxtda ölkə Prezidentinin bölgələrə səfərə çıxması, insanlarla ünsiyyətdə olması çox təqdirəlayiq bir davranışdır". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin hazırki virus təhlükəsinə baxmayaraq bölgələrə səfərini şərh edərkən deyib."Azərbaycan və onun rəhbəri fövqəladə hallar və təbii fəlakətlər zamanı dünya ölkələrindən fərqli mübarizə və davranış nümunələri ortaya qoyub. Necə ki, rayonlarda təbii daşqınlar və zəlzələlər olanda Azərbaycanın dövlət elitası, başda Prezident İlham Əliyev olmaq şərti ilə həmin hadisə yerlərində insanlarla birbaşa təmaslarda olmağı vəziyyətdən ən real çıxış yollarından biri hesab edərək bu istiqamətdə addımlar atdılar. Eləcə də qorxulu virusla mübarizə dövründə də Azərbaycan rəhbərliyi və şəxsən Prezident dünya ölkələrinin bir çoxları üçün nümunə ola biləcək təcrübə nümayiş etdirdi. Bunun bir-neçə nöqteyi nəzərdən böyük əhəmiyyəti var. Birinci növbədə dövlət başçısı ən ağır dəqiqələrdə belə insanlarla, region camaatı ilə zəhmətkeşlərlə bir sırada, bir arada olmağa üstünlük verdiyini nümayiş etdirdi. Dünya ictimaiyyəti bir daha gördü ki, Azərbaycan dövləti öz vətəndaşlarını bütün anlarda, çətin və xoş günlərdə tək buraxmır və xüsusilə də ağır günlərdə öz vətəndaşlarının yanında olmağa üstünlük verir. Digər tərəfdən Azərbaycan cəmiyyəti məhz bu anlarda yalnız və yalnız ölkə Prezidentindən eşitmək istədiklərini birbaşa onun özündən, yaxın məsafədən eşitmək imkanı əldə edir".Aydın Quliyev vurğulayıb ki, cəmiyyətimiz üçün bəzi informasiyaları Prezidentin dilindən eşitmək xüsusilə əhəmiyyətlidir: "Hazırda, insanlar Prezidentin dilindən kornavirus təhlükəsinin tamamilə dövlətin nəzarəti altında olduğunu, koronavirusa qarşı mübarizədə Azərbaycan dövlətinin bütün potensialını səfərbər etdiyini və daha qorxulu xəstəliklərin qarşısının alınmasında Azərbaycan dövləti qarşısında dayanan vəzifələri tam şəkildə yerinə yetirə bildiyi kimi bu dəfə də bu təhlükənin qarşısını almaq üçün bütün imkanlara malik olduğunu eşitməyə maraqlıdır. Necə ki, cəmiyyət bunu Prezidentin dilindən eşitdi. Cəmiyyətin sabaha ümidi Prezidentdən aldığı informasiyalar əsasında daha da artır. Hazırki şəraitdə Azərbaycan Prezidentinin bölgələrə səfəri, insanlarla birbaşa təmasda olması, qorxulu virusa qarşı mübarizədə dövlətin və cəmiyyətin imkanlarının, potensialının, iradəsinin yüksək səviyyədə, işgüzar müstəvidə birləşdirilməsinin bariz nümunəsidir. Hansı ki, bütün dünya ölkələri çalışır ki, koronavirusa qarşı mübarizədə dövlətin və cəmiyyətin imkanlarını birləşdirsinlər. Bunun ən real formada birləşdirilməsi üsuluna və mexanizminə məhz Azərbaycan nail ola bilib. Bu gün qətiyyətlə demək olar ki, virus təhlükəsilə mübarizədə Azərbaycan dövləti ilə cəmiyyətimizin imkanları və potensialları tam şəkildə birləşdirilib
sia.az