"Ümumiyyətlə mən qadınları dünyada hümanizmin, xeyirxahlığın, sülhün carçısı kimi qəbul edirəm. Yəni harada qadın varsa, orada hümanistlik, xeyirxahlıq və sülh var. Bu tarixən də belə olub. Hələ müharibələr olan bir zamanda qadınlar hansısa problemin, müharibənin qarşısını almaq üçün kəlağayısını ataraq onun qarşısını alıb. Qadınlarımız çox gözəldirlər, zərifdirlər, ülvidirlər". Bunu SİA-ya millət vəkili Kamilə Əliyeva deyib.Deputatın sözlərinə görə, qadın anadır, bacıdır, siyasətçidir: "Bu gün Azərbaycanda elə bir peşə sahəsi yoxdur ki, orada bizim qadınlarımızın yeri görünməsin. Qadın hər zaman öz mübarizliyi, fədakarlığı, mübarizliyi ilə Azərbaycan tarixində şanlı səhifələr yazıb. Bu gün bizim çox cəsarətli, qətiyyətli addımlar atan qadınlarımız var. Hansı ki, onların səsi dünyanın ən mötəbər məclislərindən eşidilir. Onlar öz yorulmaz mübarizələri sayəsində müstəqil Azərbaycanımızı daim irəli aparırlar. Bütün bu misalların timsalında mən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, bizim Birinci xanımımız Mehriban Əliyevanı xüsusilə qeyd etmək istərdim. Çünki biz əgər qadından danışırıqsa, bütün Azərbaycan qadınlarına xas o gözəl xüsusiyyətlərin hamısı məhz Mehriban xanım Əliyevada cəmləşib. Mehriban xanım Əliyeva hər bir qadın üçün hər bir sahədə bir nümunədir. Qadın ana olmaqla yanaşı cəmiyyətdə də əsas dayaqlardan birini təşkil edir. Yəni Azərbaycan qadını həmişə öz ağlı, mədəni nümunəliyi ilə hər bir vətəndaş üçün bir simvol olub.Bu gün biz fikir versək görərik ki, hakimiyyətin bütün qollarında (qanunvericilik, icraedici, məhkəmə və s.) qadınların fəaliyyəti çox yüksəkdir. Bildiyiniz hər çağırışda Milli Məclisdə də qadınlarımızın sayı artmaqdadır. Bir sözlə, bütün sahələrdə qadınların fəaliyyəti öndədir. Hətta deyərdim ki, qadınlar kişilərə nisbətən öz işlərinə daha məsuliyyətlə yanaşırlar".
sia.az