"Ötən gün bütün dünyanın diqqəti Rusiya-Türkiyə Prezidentlərinin görüşünə yönəlmişdi". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, Suriya böhranının mühüm hissəsi olan İdlibdə atəşkəs rejiminə əməl edilməsi məsələsi əsas müzakirə predmeti idi: "Bu saat İdlibdə və onun ətraf rayonlarında sözün əsl mənasında qanlı müharibə gedir. Təbii ki, müharibədə tərəflərdən biri də Rusiya və Türkiyədir. Çünki hər iki dövlət proseslərdə fəal oyunçulardan biridir. Əsas müzakirələr Türkiyə ilə Rusiya arasında oldu. Fikrimcə, son zamanlar Rusiya oyun qaydalarına riayət etmir. 33-dən çox türk əsgərinin öldürülməsində də Rusiya Hərbi Hava qüvvələrinin rolu var. İdlibdə vəziyyəti gərginləşdirən və “Bahar çeşməsi” deyilən Türkiyə hərbi əməliyyatlarının başlamasına da səbəb bu qisas əməliyyatları idi. Bəşər Əsəd yəqinki rusların diqtəsi ilə yumşaq bir bəyanat verib. Türklərlə danışıqlara hazırıq kimi fikirlər səsləndirilib. Belə fikir yaranır ki, Ərdoğanla danışıqlar zamanı Putin həm atəşkəs rejiminin elan edilməsini, həm də Bəşər Əsədlə danışıqlara başlamasını təklif edə bilər. Bəşər Əsədlə danışıqlara başlamaq məsələsi kifayət qədər qəliz məsələdir. Çünki Əsədlə danışıqlara başlamaq Bəşər Əsədin leqitimliyini tanımaq, onun aprelə təyin etdiyi seçkilərlə razılaşmaq deməkdir".
sia.az