“Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvilinin Bakıya gəlişini onun bir müddət əvvəl Ermənistana səfəri ilə müqayisə etmək istərdim”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, İ.Qaribaşvili bir neçə gün əvvəl Yeravanda da olub: “Lakin Bakıya səfərdən fərqli olaraq Ermənistana səfəri formal xarakter daşıyıb və onun nəticələrini uğurlu saymaq olmaz: “Mən onun səfər proqramını diqqətlə izlədim. Sonra Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisiyə getdi. İrakli Qaribaşvili Yerevanda da nəzəri cəhətdən Ermənistanla hərbi əməkdaşlıq etmək imkanlarından danışıb. Ancaq bu mümkün deyil. Çünki Gürcüstan NATO-ya üzv olmağı hədəfləyib. Ermənistansa Rusiyanın siyasi-hərbi müttəfiqidir və Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvüdür. Bu iki ölkənin bir arada təhlükəsizlik sistemi qurması mümkünsüzdür. Sadəcə bu, ziyarət xarakteri daşıyır. Onu da nəzərə almaq lazımdır ki, Rusiya Gürcüstan torpaqlarını işğal edib və Rusiya müttəfiqi ilə Gürcüstan eyni hərbi blokda təmsil oluna bilməz”.E.Şahinoğlu bildirib ki, rəsmi Ermənistan və Gürcüstan rəsmiləri birgə hərbi təlimlərdən danışsalar da bunun reallaşması mümkün deyil: “Rusiya Ermənistana imkan verməz. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycanda vəziyyət başqadır. Gürcüstan NATO-ya üzvlüyü hədəfləyib, Azərbaycan heç bir bloklarda yer almır. Ancaq Gürcüstanla strateji müttəfiqdir, birgə layihələri var. Eyni zamanda, Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi formatı da mövcuddur. Üç ölkənin müdafiə nazirləri ildə bir neçə dəfə görüşürlər, hərbçilər birgə təlimlər keçirirlər. Azərbaycan həm də NATO təlimlərinə qoşulur. Ona görə də İrakli Qaribaşvilinin Azərbaycana səfəri Ermənistana səfərindən daha məhsuldardır. Bu, həm bizim ölkə üçün, həm də Gürcüstan üçün faydalıdır. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının perspektivi böyükdür. Yəqin ki, iki ölkənin müdafiə nazirləri Bakıda bunun detallarını müzakirə ediblər”.
sia.az