PDF Oxu

Siyasət

  • 6 761

"İdlib məsələsi hələlik mürəkkəb və qeyri-müəyyən olaraq qalır" - AÇIQLAMA

"İdlib məsələsi hələlik mürəkkəb və qeyri-müəyyən olaraq qalır" - AÇIQLAMA

“İdlibdə baş verən hadisələr özünün ən mürəkkəb mərhələsinə çatıb. Mürəkkəblik ondadır ki, artıq İdlibdə hərbi iştirakı olan, eyni zamanda dolayı yolla bu prosesdə iştirak edən dövlətlərin hər birinin maraqları artıq çılpaq şəkildə özünü göstərməyə başlayıb. Türkiyə, Suriya, Rusiya, İran, Avropa Birliyinin və Amerikanın ümumiyyətlə saydığım bu beynəlxalq hüquq subyektlərinin İdlibdəki maraqları artıq məlumdur və bu maraqlar dövlətləri təmsili baxımından çoxşaxəli olduğuna görə, problem də olduqca mürəkkəb və çətin bir mərhələyə daxil olub”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev deyib.O, söyləyib ki, bu hadisələrin gələcəyi barədə proqnoz vermək çox çətindir: “Türkiyə indiki şəraitdə İdlib məsələsinin həll olunması üçün böyük mübarizə aparır. Türkiyənin dövlət olaraq qonşuluqda baş verən hadisələrdə özünün marağını nümayiş etdirməsi təbii bir haldır. Çünki burada Türkiyənin milli təhlükəsizlik maraqları var. İdlibdə baş verən proseslərin tezliklə həll olunmaması Türkiyənin əziyyət çəkdiyi qaçqın dalğasının daha da böyüməsinə və nəticədə Türkiyənin milli təhlükəsizliyi üçün çox böyük təhdidlərin yaranamsına gətirib çıxara bilər. Bəziləri Türkiyənin üzləşdiyi bu problemi həll etmək üçün Avropaya müəyyən təziqlər göstərməyindən danışırlar. Əlbəttə, belə vəziyyətdə Türkiyənin özünü xilas etməsi üçün bütün addımları atmağa bir dövlət kimi hüququ var. O cümlədən də indiyə qədər saxladığı qaçqın dalğasının müəyyən bir hissəsini qapıları açaraq Avropaya üz tutmasına şərait yaratmaq Türkiyənin əl atdığı çıxış yollarından biridir”.A.Quliyev qeyd edib ki, İdlibdə Türkiyə üçün daha çətin bir vəziyyətin yaranmağında maraqlı olan beynəlxalq qüvvələr də var: “Türkiyə və ona yaxın bəzi ölkələr İdlibdə proseslərin nizama salınmasında nə qədər maraqlıdırsa, bəzi beynəlxalq qüvvələr var ki, onlar məsələnin Türkiyə üçün daha mürəkkəb xarakter almasında maraqlıdırlar və prosesləri bu istiqamətdə körükləyirlər. Ancaq İdlib məsələsi kontekstində qırmızı xəttinə keçən, bütün dünyanın diqqətini cəlb edən və o cümlədən bizim də maraqlarımız çərçivəsində olan xətt Türkiyə-Rusiya münasibətləridir. Türkiyə-Rusiya münasibətlərinin məhz İdlib məsələsində kəskinləşmə ehtimalı sözsüz ki, bölgə üçün heç də yaxşı olmayan gələcək vəd edir”.Politoloq vurğulayıb ki, bölgədə sülh istəyən bütün dövlətlər, həmçinin Azərbaycan İdlib məsələsində Türkiyə ilə Rusiya arasında müəyyən anlaşma olmasının marağındadırlar: “Təəssüf ki, hələlik Türkiyənin həm Rusiya istiqamətində, həm də Avropa istiqamətində müəyyən intensiv çabalar göstərməyinə baxmayaraq ortada hər hansı bir razılaşma ya yoxdur, ya da konkret razılaşmalar barədə informasiyalar paylaşılmır. Düşünürəm ki, İdlib məsələsi hələlik mürəkkəb və qeyri-müəyyən olaraq qalır”.

yap.org.az

Digər xəbərlər