"Parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında formalaşıb" ÖZƏL-MÜNASİBƏT

“Altıncı çağırış Milli Məclisə seçkilər müstəqil respublikamızın siyasi tarixində əlamətdar hadisə kimi yadda qaldı. O baxımdan ki, seçkilərin şəffaflığı, Azərbaycan xalqının iradəsini ifadə etməsi ölkəmizin demokratik dövlət kimi müsbət imicini möhkəmləndirən mühüm amillərdən biri kimi çıxış etdi”. Bunu SİA-ya millət vəkili Rauf Əliyev deyib.R.Əliyev bildirib ki, yeni parlament Azərbaycanın dayanıqlı inkişafına xidmət edən islahatlara mühüm dəstək olmaqla yanaşı, qanunvericilik orqanının milli maraqlar əsasında səmərəli fəaliyyətinin təmin olunmasına əhəmiyyətli töhfədir. Onun sözlərinə görə, altıncı çağırış Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşması bu faktın sübutudur. Digər tərəfdən, yenilənmə həm mövcud parlamentin tərkibində, həm də ali qanunvericilik orqanının rəhbərliyində - spiker və onun müavinləri, komitə sədrlərinin formalaşması prinsipində də özünü göstərir.“Əlamətdar haldır ki, müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq qadın parlamentin sədri seçildi. Həmçinin, ilk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında formalaşdı. Altıncı çağırış Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar. Eyni zamanda, bitərəflər və azlıqda olan partiyaların nümayəndələri Milli Məclisin daimi komitələrinə də sədr seçiliblər. Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və parlamentin komitələrinin rəhbərliyində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədi daşıyır”-deyə, R.Əliyev vurğulayıb.

sia.az