Siyasət

  • 162 500

XALQ-PREZİDENT birliyinin təcəssümü!

image

Dünyada koronavirus pandemiyasının qlobal həddə çatmaqla insanların sağlamlıqlarına zərər vurması reallığı bəşəriyyəti ciddi şəkildə narahat edir. Hətta ən aparıcı dövlətlərdə belə - ABŞ-da, İtaliyada, İspaniyada və s. ölkələrdə müvafiq strukturların epidemiyanın qarşısındakı acizliyi barədə dünya KİV-lərində məlumatlar yayılır, sosial şəbəkələrdə demək olar ki, hər saatda yüzlərlə xəbərlər ictimailəşir. Əbəs deyil ki, BMT və s. nüfuzu qurumlar koronavirusla mübarizəni görünməyən düşmənin insanlara qarşı müharibəsi adlandırıblar. Bu, həqiqətən də bir savaşdır - bəşər övladı ilə qorxulu infeksiyanın ölüm-dirim savaşı...

Lakin bütün bunların fonunda ən çox qeyd edilən məsələlərdən biri də, COVID-19-a qarşı hazırlıqların olması haqqındadır. Daha dəqiq desək, bu gün ən çox zərər görən ölkələr məhz koronavirus təhlükəsinə ciddi yanaşmayaraq, ona biganə olanlardırlar. Nəticədə yüz minlərlə insan bu infeksiyaya yoluxur, minlərlə insan həyatını itirir. O cümlədən, tibbi avadanlıqların qıtlığı, maska, dezinfeksiyaedici məhlulların tapılmaması kimi məsələlərlə yanaşı, buraya əlbəttə ki, insanların məsuliyyətsizliyi, yaşadıqları ölkələrdəki cavabdeh qurumların maarifləndirici tədbirlər aparmamaları və s. halları da əlavə etmək olar.

Artıq “Biz birlikdə güclüyük” şüarı günümüzün reallığına çevrilib

Ancaq Azərbaycanda bu kimi xaos, panika yaşanmadı və fakt budur ki, ölkəmizdə zamanında və operativ qaydada görülən tədbirlər çoxsaylı insan tələfatları ilə müşahidə edilmədi, vaxtında ciddi karantin tətbiqi barədə qərar qəbul olundu və ən əsası, xəstəxanalar hazırlıqlı vəziyyətə gətirildi, tələb olunan tibbi avadanlıqlarla təchiz olundu, habelə belə bir vəziyyətdə yeni xəstəxanalar istifadəyə verildi. Bütün bu reallıqların təməlində dayanan ən əsas faktorlardan biri isə, ölkəmizdə aparılan siyasətin tərkibində insan amilinə göstərilən diqqət və Prezident İlham Əliyevin müxtəlif cavabdeh qurumlara, güc strukturlarına, səhiyyə təşkilatlarına, sahibkarlıq müəssisələrinə verdiyi qətiyyətli tapşırıqları və görülən işlərə şəxsi nəzarəti reallığı dayanır.

O cümlədən, dövlətimizin başçısının xalqa müraciəti və müraciəti kontekstində xalqın qayğısına qalan, sosial təminat maraqlarını təmin etməyə yönəlik çağırışları, qərarları qısa müddətdə koronavirus təhlükəsinin ayaq açıb-yeriməsinin qarşısını inamla aldı. Artıq “Biz birlikdə güclüyük” şüarı günümüzün reallığına çevrilib. Xüsusilə, virusdan sağalanların sayının artımı hər bir azərbaycanlıda inamı daha da artırıb.

Artıq bu gün ölkənin hər yerindən Prezident İlham Əliyev cənablarına minnətdarlıq məktubları göndərilməkdədir. Bu məktublarda Azərbaycanın hər bölgəsindən, ucqar kəndlərindən təşəkkür sədaları ucalmaqdadır. Həmin məktublardan bir neçəsini dəyərli oxucularımızın diqqətinə çatdırırıq:

Bəhmən Paşayevdən, Mingəçevir, Azərbaycan: “Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla bu virusa tez bir zamanda qalib gələcək”

Möhtərəm cənab Prezident.

Bütün dünyada sürətlə yayılan koronavirus pandemiyası vətənimiz Azərbaycandan da yan keçməyib. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və əhatəsinin məhdudlaşdırılması istiqamətində vacib addımlar atılıb. Ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi, yeni koronavirusun yayılmasının qarşısının alınması, onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsaitin ayrılması, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılması onu sübut edir ki, yürütdüyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla bu virusa tez bir zamanda qalib gələcək, bu bəladan az itki ilə qurtulacağıq. Bütün mingəçevirlilər Sizə güvənir, Sizinlə qürur duyur, şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar diləyirlər.

Mətləb Məhərrəmov və başqalarından, Gəncə, Azərbaycan: “Sizin vaxtında gördüyünüz tədbirlərin real nəticələr verəcəyini əvvəlcədən gözləyirdik”

Hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının ölkəmizdə kütləvi yayılmasının qarşısını almaq üçün atdığınız addımlar öz nəticəsini verməkdədir. Bir neçə gündür bu virusla əlaqədar Azərbaycanda nikbin statistika müşahidə olunur. Xəstəliyə yoluxanlarla sağalanların sayının təqribən eyni olması ümidlərimizi və inamımızı daha da artırır. Sizin vaxtında gördüyünüz tədbirlərin real nəticələr verəcəyini əvvəlcədən gözləyirdik. İnanırıq ki, bu sahədə vəziyyət get-gedə daha da yaxşılaşacaq və xalqımızın canı bu bəladan birdəfəlik qurtaracaq.

Cənab Prezident, Ulu Tanrı hər zaman yolunuza işıq salsın, Sizi bədnəzərdən qorusun.

Hörmətlə,

Məhərrəmov Mətləb İbrahim oğlu

Quliyev Telman Qəhrəman oğlu

Həsənova Aygün Abasqulu qızı

Allahverdi Mehriban Mahmud qızı və başqaları.

Qabil Bağırovdan, Salyan, Azərbaycan: “Siz bir daha hər bir azərbaycanlının Prezidenti olduğunuzu təsdiq etdiniz.”

Hörmətli Prezident.

Koronovirus epidemiyası Azərbaycan sərhədlərini keçən kimi Sizin gördüyünüz qabaqlayıcı tədbirlər, xəstəliyin daha geniş ərazini əhatə etməməsi üçün verdiyiniz tapşırıqlar bu problemi nəzarətdə saxlamağa imkan verdi. Bu tədbirlər Sizin üçün xalqın sağlamlığının hər şeydən üstün olduğunu göstərir. Bununla da Siz bir daha hər bir azərbaycanlının Prezidenti olduğunuzu təsdiq etdiniz.

Müxtəlif sosial təbəqələrdən olan insanlara kömək edilməsi, bu məqsəd uğrunda hamının səfərbər olması Sizin bu gərgin və məsuliyyətli günlərdə söylədiniz “Biz birlikdə güclüyük!” çağırışının sayəsində oldu.

Hörmətlə,

Bağırov Qabil

Qafarov Dadaş

Rzayev Teymur

Musayev Ceyhun və başqaları.

Əlbəttə ki, bu ürək sözləri, səmimi minnətdarlıq hissləri xalqın öz dövlətinə, bu dövlətin adını daim uca tutan rəhbərinə, liderinə olan sevgisinin, eyni zamanda, XALQ-PREZİDEDNT birliyinin parlaq təcəssümüdür. Məhz bu birlik və həmrəylik addımları ilə Azərbaycan dövləti koronavirusla mübarizədən qalib ayrılacaq və artıq bunun işartıları da görünməkdədir!

Rövşən RƏSULOV

Digər xəbərlər