Siyasət

  • 162 914

“Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, qayğıkeşliyi, humanistliyi ilə örnək olan Sizin kimi Prezidenti var”

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir

AZƏRTAC həmin məktubların bir neçəsini təqdim edir. Milli Qəhrəman Eltun İsgəndərovun valideynləri Xaləddin İsgəndərov və Münəvvər İsgəndərova yazırlar: “Möhtərəm cənab Prezident, xalqımızın və bütün dünyanın ağır sınaqdan keçdiyi bir dövrdə göstərdiyiniz vətənpərvərlik mövqeyinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Hətta dünyanın ən güclü dövlətlərinin belə tədbir görməkdə gecikdiyi zamanda Sizin göstərdiyiniz qayğı və diqqət bizim bu sınaqdan da üzüağ çıxmağımızın göstəricisi və qarantıdır. Siz insanlara çox kömək edirsiniz. Bunu hamı bilir. Allah Sizdən razı olsun. Koronavirusla əlaqədar xalqa müraciətiniz bir daha göstərdi ki, Siz xalqın yanındasınız, onlara kömək göstərirsiniz. Sizin müraciətiniz bu həssas məqamda insanlara ruh yüksəkliyi verdi. İnsanların təşvişə düşməmələri üçün bu müraciət çox vacib idi və Siz bunu etdiniz. Biz bir daha əmin olduq ki, ən çətin məqamda belə güvənə biləcəyimiz Prezidentimiz var. Ulu Tanrı Sizi qorusun. Nə yaxşı ki, varsınız”. Şəki rayonu Orta Zəyzid kəndinin 7-ci sinif şagirdi Nurlan Qədirli: “Hörmətli cənab Prezident, karantin müddətində insanlara göstərdiyiniz qayğıya, həkimlərə ayırdığınız diqqətə görə Sizə ailəmiz adından minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq. Sizin həkimlərlə görüşünüzdə onları ayaq üstə alqışlamağınız mənim heç vaxt yadımdan çıxmayacaq. Çünki mənim əmim də həkimdir. İnşallah, bu virus ötüb keçər və hər şey öz axarına qayıdar”. Məcburi köçkün, Pənah Məmmədov adına Laçın rayon 46 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Nuriyyə Nəsirova: “Hörmətli cənab Prezident, koronavirus xəstəliyi ilə bağlı apardığınız mübarizədə verdiyiniz qərarların və göstərişlərin məqsədinin ölkəmizi, Azərbaycan xalqını qorumaq və onun sağlamlığının qeydinə qalmaq olduğunu çox gözəl dərk edirik. İnanırıq ki, Sizin sayənizdə tez bir zamanda bu bəladan qurtulacağıq. Sizin “Biz birlikdə güclüyük!” çağırışınıza uşaqdan böyüyə hamımız qoşularaq hər zaman Sizə dəstək olmağa hazırıq. Bu günlərdə bütün dünyaya dövlətimizin güclü olduğunu sübut etdiniz. Buna görə biz Sizinlə fəxr etdik. Cənab Prezident, ailə üzvlərimin və sinif yoldaşlarımın adından Sizə və Mehriban xanıma təşəkkür edir, Ramazan ayında Uca Allahdan Sizi və xalqımızı qorumasını arzu edirik”. Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov: “Çox hörmətli cənab Prezident, Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, qayğıkeşliyi, humanistliyi ilə örnək olan Sizin kimi Prezidenti var. Mən bir neçə dəfə Sizin ictimaiyyət nümayəndələri ilə görüşünüzdə olmuşam. Sizin qayğıkeşliyiniz, sadəliyiniz, insanlara verdiyiniz yüksək dəyər qəlbimdə böyük qürur hissi yaradıb. Bu gün dünyanı bürüyən koronavirus pandemiyası respublikamızdan da yan keçməyib. Hər gün dünyada yüzlərlə insan bu pandemiyanın qurbanı olur. Koronavirus pandemiyasına qarşı gördüyünüz qabaqlayıcı tədbirlər xalqımızı bu bəladan xilas etməkdədir. Karantin rejimi dövründə işləməyənlərə birdəfəlik yardımların verilməsi Sizin xalqımıza göstərdiyiniz qayğının növbəti nümunəsidir. Hörmətli cənab Prezident, Qubadlı rayonunun əhalisi Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və Sizin ətrafınızda sıx birləşib. Gördüyünüz işlərə görə rayonumuzun ağsaqqalları adından Sizə təşəkkürümü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Allah Sizi və ailənizi qorusun!”. Mingəçevir şəhərindən Ruslan Rüstəmovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Sizi Mingəçevir səhərindən salamlayıram. Dünyanı sarsıtmış koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən işlərə, xüsusən səhiyyəmizə və vətəndaşlarımızın sağlamlığına göstərilən diqqətə görə şəhərimizin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Siz gördüyünüz işlərlə və verdiyiniz qərarlarla hər zaman vətəndaşın yanında olduğunuzu bir daha sübut etdiniz. İnanırıq ki, doğma ölkəmizdə həyat yenidən öz axarına düşəcəkdir. Cənab Prezident, Sizin və Mehriban xanımın bu dar gündə xalqımıza verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Allah Təala Sizi və ailənizi qorusun! Amin! İnşallah, bu gözəl Ramazan ayında Azərbaycanımız gözəl əhval-ruhiyyədə olacaq”. Neftçala rayonunun sakini Fərhad Baxışov yazır: “Hörmətli cənab Prezident, koronavirus pandemiyası elə bir qlobal çağırışa səbəb oldu ki, dünya birliyinin bütün üzvlərini eyni amal uğrunda səmimi niyyətlə birləşməyə sövq etdi. Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlər nümunəvi model kimi ixrac olunur. Dünyanın aparıcı dövlətləri virusla mübarizədə acizlik nümayiş etdirdikəri halda, Sizin ardıcıl və hesablanmış qərarlarınız sayəsində ölkəmiz infeksiyanın pik həddini geridə qoymuşdur. İnsanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi fəallığın azaldığı və neftin qiymətinin kəskin düşdüyü halda əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində qəbul etdiyiniz qərarlar, verdiyiniz tapşırıqlar kiçikdən-böyüyə hər kəsin sevincinə səbəb olur. Bizim sağlamlığımızı, təhlükəsizliyimizi, maliyyə imkanlarımızı, bir sözlə, həyatımızı qoruduğunuz üçün sizə təşəkkür edirik. Bütün Azərbaycan xalqı Sizə inanır, arxayındır və minnətdardır”. Xocalıdan məcburi köçkün, şəhid övladı Seymur Çobanov: “Möhtərəm cənab Prezidentim, mən Xocalıdan məcburi köçkün, eyni zamanda, şəhid övladıyam. Dünyada gedən bu ağır, çətin proseslərdə hətta inkişaf etmiş dövlətlərin də aciz qaldığı bu dövrdə Sizin qətiyyətli, uzaqgörən siyasətiniz və öncədən gördüyünüz qətiyyətli tədbirlər nəticəsində dövlətimiz, xalqımız bu çətinlikdən də üzüağ və güclü çıxa bildi. Bunun üçün biz Sizə - öz müdrik Prezidentimizə borcluyuq. Yaxşı ki, varsınız və nə yaxşı ki, bizim, bu gözəl ölkəmizin rəhbərisiniz. Cənab Prezidentim, biz qarabağlılar, bütün xalqımız inanırıq ki, Sizin rəhbərliyinizlə tez bir zamanda erməni virusuna da qalib gələcəyik və doğma torpaqlarımızı düşməndən azad edəcəyik. Allah Sizi qorusun, qəlbən sevdiyimiz müdrik Prezidentimiz!”. Şəki şəhərindən Rəna Ağabəyli: “Möhtərəm cənab Prezident, artıq bir neçə aydır dünyanı lərzəyə gətirən koronavirus pandemiyasından minlərlə insan dünyasını dəyişib. Ayrı-ayrı ölkələrdə müşahidə olunan acınacaqlı vəziyyət insanı dəhşətə gətirir. Bu çətin vəziyyət ölkəmizdə də müşahidə oluna bilərdi, lakin Sizin uzaqgörənliyiniz və diqqətiniz sayəsində ölkəmiz İran, İtaliya, İspaniya kimi dövlətlərin vəziyyətinə düşməkdən xilas oldu. Məktəb və bir sıra müəssisələrin bağlanması, xüsusi karantin rejiminin tətbiq olunması, avtomobil yollarında hərəkətin məhdudiyyəti bu virusa yoluxmanın qarşısını almağa kömək etdi. Həmçinin tibb işçilərimizin, polis orqanlarında işləyən şəxslərin ayıq-sayıqlığı nəticəsində ölkəmizdə vəziyyət nəzarət altındadır. Hörmətli Cənab Prezident, bu çətin dövrdə Sizin və Mehriban xanım Əliyevanın bir illik əməkhaqqınızı pandemiya ilə mübarizə tədbirləri üçün yaradılmış fonda bağışlamağınız, minlərlə işsiz ailə üçün birdəfəlik yardımların göstərilməsi ilə bağlı sərəncamlarınız çox təqdirəlayiqdir. Bununla Siz ölkə əhalisinin qayğısına qaldığınızı bir daha sübut etdiniz. Bu xalq Sizə və Mehriban xanıma çox güvənir, çox inam bəsləyir. Əmin olun ki, biz həmişə Sizinləyik və Sizə daim minnətdarıq”. Yevlax rayonunun sakini Fərid Vaqifli: “Hörmətli cənab Prezident, bu məktubu Sizin məqsədyönlü siyasi xəttinizi özünə məktəb bilən gənclərin adından yazıram. Bütün dünyanı bürümüş koronavirus Azərbaycandan da yan keçmədi. Lakin güclü dövlətlərin böyük insan tələfatı ilə üzləşdiyi halda Sizin sayənizdə ölkəmiz az itki ilə pandemiyadan qurtulmaq üzrədir. Məhz Sizin ciddi tapşırıq və nəzarətiniz virusun ölkəmizdə geniş yayılmasının qarşısını aldı. Epidemiyanın sürətlə yayıldığı ölkələrdə yaşayan və təhsil alan vətəndaşlarımızı çarəsiz vəziyyətdən məhz Sizin xeyirxahlığınız çıxardı. Qısa zaman kəsiyində ölkəmizdə tibbi maska istehsalının təşkili də Sizin əzmkarlığınız sayəsində oldu. Xəstələrin bütün ehtiyacı dövlət tərəfindən ödənildi. Xalqımız bir daha əmin oldu ki, seçimində yanılmayıb. Sizin kimi yüksək idarəçilik qabiliyyətinə malik, Azərbaycan vətəndaşının rifahını hər şeydən üstün tutan bir rəhbərlə biz bütün çətinliklərin öhdəsindən gələrik. Cənab Prezident, Siz biz gənclərin idealısınız. Biz Sizin yaratdığınız məktəbin tələbələriyik və bununla fəxr edirik. Allah Sizi qorusun!”. Şamaxı şəhərinin 81 yaşlı sakini Almas Baloğlanova: “Hörmətli Prezidentim, bir ağbirçək ana kimi Sizə və Mehriban xanıma şəxsən öz adımdan və ailəmin adımdan dərin minnətdarlığımı bildirirəm. Siz artıq Azərbaycan xalqının ümid yeri, pənah gətirdiyi insansınız. Şükürlər olsun ki, uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində pandemiya ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Mən - ağbirçək bir ana hər dəfə namaz qılanda Sizə saatlarla dualar edirəm. Allah Sizə bu məsuliyyətli işlərinizdə kömək olsun. Siz 600 min ailəyə 190 manat birdəfəlik ödənişin edilməsi ilə bağlı göstəriş vermisiniz. Sizin xalqımıza göstərdiyiniz qayğılar nəticəsində mənim kimi ahıl şəxslər də sosial qayğı ilə hərtərəfli təmin olunurlar. Mən SSRİ dövrünü və ondan sonrakı - ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməmişdən qabaqkı dövrləri yaxşı xatırlayıram. O zamanlar pensiyanın, verilən bütün sosial ödənişlərin su, qaz, işıq kimi kommunal xidmətlərə yetmədiyinin şahidi olmuşam. Hazırda isə yaşa görə verilən təqaüd həm qaz, işıq, su kimi kommunal xidmətlərdən istifadə üçün, həm də rifahımız üçün yetərlidir. Biz yaşlı nəslə dəstəyinizi daha aydın görür, öz növbəmizdə, Sizin siyasətinizi alqışlayırıq. Mən 81 yaşlı ağbirçək ana olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı Sizinlə fəxr edir”. Qubadlı rayonundan Fuad Bədəlov: “Möhtərəm cənab Prezident, dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə sahəsində vətəndaşların sağlamlığını düşünərək görülən tədbirlərin yüksək səviyyədə təşkilinə görə bir təhsil işçisi kimi Sizə öz minnətdarlığımı bildirirəm. Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. Siyasətinizin əsasını həmişə vətəndaş amili, xalqa, dövlətə yorulmadan göstərdiyiniz xidmət təşkil edir. Bu yolda Sizə uğurlar arzulayıram. Cənab Prezident, qeyd etmək istəyirəm ki, Sizin “Biz birlikdə güclüyük!” şüarınıza sadiq olaraq biz hər zaman Sizinləyik. Allah Sizi qorusun!”. Gəncə şəhərinin Hacıkənd qəsəbəsindən şəhid bacısı Rəfiqə Qurbanova: “Hörmətli cənab Prezident, Sizə bütün şəhid bacılarının adından təşəkkürümü bildirirəm. Siz Azərbaycan xalqına böyük qayğı göstərirsiniz. Bizim qardaşlarımız Vətən yolunda şəhid olublar, lakin biz özümüzü qardaşsız, arxasız hiss etmirik. Çünki Sizin diqqətinizlə, qayğınızla əhatə olunmuşuq. Qəsəbəmizdə yaşayan aztəminatlı ailələr bu günlərdə yardımlarla təmin olunurlar. Onlar bir daha əmin oldular ki, dövlətimiz hər an onları düşünür. Ailə üzvlərimin adından Sizə dərin təşəkkürümü bildirirəm. Dualarımız Sizinlədir”. Salyan rayonundan Nilufər Bəşirova: “Hörmətli cənab Prezidentimiz, mən bu məktubu yazmağı bir vətəndaş olaraq özümə borc bildim. Bu gün dünyanın 200-dən çox ölkəsində yayılan COVID-19 pandemiyası ilə üz-üzə qalan Azərbaycan digər ölkələrlə müqayisədə çox az itki vermişdir. Bu Sizin vaxtında Nazirlər Kabinetinə verdiyiniz qabaqlayıcı göstəriş və gördüyünüz tədbirlərin sayəsində mümkün olmuşdur. Sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejimi, səhiyyə ocaqlarındakı qaynar xətlər, virusla bağlı maarifləndirmə işləri xalqımızı nə qədər düşündüyünüzün bariz nümunəsidir. Sosial rifahın inkişafı üçün maddi dəstəyiniz əvəzolunmazdır. Karantin rejimi əvvəl hamıda çaşqınlıq yaratsa da, bu gün hamı bu addımın nə qədər doğru qərar olduğunu anlayır. Xalqına daim arxa, dayaq olan bir Prezidentin olması qürurvericidir. Belə çətin günlərdə maddi və mənəvi dəstəyiniz üçün mən şəxsən öz adımdan və işlədiyim Salyan rayon Arbatan kənd tam orta məktəbinin kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm. Birliyimiz və Sizin uğurlu fəaliyyətiniz daimi olsun. Sizi sevirik”. Samux rayonundan şəhid atası İlyas Ləzgiyev, Qarabağ müharibəsi əlili Səfər Hüseynov, 1-ci qrup əlil Bayram Məmmədov, əmək veteranı Ədalət Yusifova və Xurşid İbrahimova yazırlar: “Hörmətli cənab Prezident, Azərbaycan Prezidenti kimi ölkəmizin bütün sahələrdə inkişafı, xalqımızın sağlam və gümrah olması üçün böyük işlər görürsünüz. Siz və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə yeni məktəblərin, uşaq bağçalarının tikilməsinə böyük diqqət göstərirsiniz. Siz gördüyünüz işlərlə bütün Azərbaycan xalqı kimi, Samux rayonunun Sərkar kəndinin ağsaqqallarının və ziyalılarının da rəğbətini qazanmısınız. Bu yaxınlarda 6 minə yaxın əhalisi olan Sərkar kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə üçmərtəbəli, 800 yerlik məktəb binasının və 100 yerlik uşaq bağçasının tikintisinə başlanılması sakinlərin böyük sevincinə səbəb oldu. Siz dünyanı bürüyən koronavirus bəlasından xalqımızı xilas etmək və onun sağlamlığını qorumaq üçün gecə-gündüz çalışırsınız. Bu günlərdə Sizin və Mehriban xanımın kəndimizdə imkansız ailələrə, əlillərə, qocalara, şəhid və Qarabağ müharibəsi əlillərinin ailələrinə etdiyiniz bu yardımlara görə Sizə minnətdarlığımızı bildiririk. Əminik ki, bizim sağlamlığımızın keşiyində müdrik və uzaqgörən Prezidentimiz dayanır. Ulu Tanrı Sizi və Mehriban xanımı qorusun!”. Bakının Pirallahı rayonunun sakini Sevda Alxasova: “Möhtərəm və dəyərli Prezidentimiz, əvvəlcə onu deyim ki, ailəmin və yaşadığım Pirallahı rayonu 168 saylı məktəbin müəllim kollektivinin Sizə və ailənizə bu müqəddəs Ramazan ayında duaları var. Pandemiyanın ilk vaxtlarında çox təlaşlı günlər yaşadım. Ermənilərin Qarabağda Şuşa və Laçını işğal edərkən Alazan tipli raketlərlə evlərimizi bombaladığının şahidi olmuşam. Körpələrimi götürüb evimizin zirzəmisində qalmışam, ancaq qorxmamışam. Bu gözəgörünməz düşməndən çox qorxdum. Televizorda xəbərləri izləyəndə Sizin çox möhtəşəm, inamlı və qürurverici nitqiniz, dəyərli Birinci vitse-prezidentimiz Mehriban xanımın müraciəti mənə bir ümid, təsəlli oldu. “Uca Allahımıza şükür olsun!”, - deyərək əmin oldum ki, ölkəmizin taleyi etibarlı əllərdədir. Ulu Öndərimizin yaratdığı müasir müstəqil Azərbaycan onun şah əsəridir. Siz isə bu şah əsərin növbəti layiqli səhifələrini yazan ədalətli, mətin və mübarizələrdən qalib çıxmağı bacaran lidersiniz. Cənab Prezident, Siz hadisələri gecə-gündüz nəzarətdə saxlamaqla, lazımi tapşırıqlar verməklə bu bəlanın təsirlərini minimuma endirə bildiniz və hər bir vətəndaşınızın yanında olmağı bacardınız. Mən və eləcə də mənim kimi minlərlə insan Sizin bu xeyirxah əməllərinizin canlı şahidləriyik. Bütün bunları saymaqla bitirmək, bir məktuba sığdırmaq mümkün deyil. Bu gün dünyaya meydan oxuyan pandemiya göydə Uca Allahımızın, yerdə Sizin sayənizdə Azərbaycanda tüğyan edə bilmədi. Nə yaxşı ki, varsınız...Allah Sizi və ailənizi, Azərbaycanımızı qorusun!”. Salyan rayonundan həkim Tehran Ağabəyova: “Çox hörmətli cənab Prezident, ölkəmizin koronavirus pandemiyası ilə üz-üzə olduğu bir dövrdə Sizin uzaqgörən siyasətiniz və verdiyiniz qərarlar nəticəsində dövlətimiz bu sınağın da öhdəsindən məharətlə gəlməkdədir. Bütün dünya ölkələrindəki kimi, bizim səhiyyəmiz də hazırda çətin bir sınaqla üz-üzə qalmışdır. Bu sınaqdan ən yaxşı şəkildə, uğurla çıxmaq üçün ölkəmizin bütün tibb işçiləri səfərbər olmuşlar. Mən bir həkim kimi məsuliyyətimi dərk edərək ailəmi və iki azyaşlı övladımı evdə qoyaraq xəstələrimizi müalicə etmək məqsədilə Astara rayon Mərkəzi Xəstəxanasına ezam olundum. Sizin göstərişinizlə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün yüksək təchizatla təmin olunmuş xəstəxanada yaradılan şəraitin, göstərilən diqqət və qayğının şahidi oldum. Bütün bu gördüklərim dövlətimi, xalqımı, Prezidentimi sevən bir həkim kimi mənə mənəvi güc verdi. Bu çətin dövrdə Sizin də yanımızda olmağınız, bizə dəstək verməyiniz, çıxışlarınızla, müraciətlərinizlə, mükafatlarınızla səhiyyə işçilərimizi dəyərləndirməyiniz bizim ruh yüksəkliyimiz üçün ən böyük amildir. Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə bir həkim kimi Sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi uğrunda gələcək işlərinizdə yeni nailiyyətlər arzulayıram”. Yardımlı rayonundan Tarverdi Tarverdiyev: “Hörmətli cənab Prezident, mən fəxr edirəm ki, azərbaycanlıyam, müstəqil dövlətim var və dövlətimin də rəhbəri cənab İlham Əliyevdir. Bir ziyalı kimi yaşadığım ərazinin əhalisi adından Sizə təşəkkür edir və minnətdarlığımızı bildirirəm. Son hadisələrdə bir daha sübut etdiniz ki, doğrudan da hər bir vətəndaşın Prezidentisiniz və daim onların qayğısına qalırsınız. Ona görə də icazə verin ki, Sizi xalqımızın qayğıkeş Prezidenti adlandırım və bir daha təşəkkürümü bildirim”. Qobustan rayonunun sakini Əlisəfa Cəbiyev: “Möhtərəm cənab Prezident, biz uzun illərdir ki, Sizin Azərbaycan xalqının rifahı naminə ardıcıl olaraq həyata keçirdiyiniz tədbirlərin, gördüyünüz işlərin uğurlu nəticələrinin şahidiyik. Sizin çevik və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycan dünya birliyində söz sahibinə çevrilmişdir. Dünyanı cənginə almış koronavirus pandemiyasının bir sıra böyük dövlətləri iflic vəziyyətinə saldığı göz qabağındadır. Cənab Prezident, Sizin xalqımızı bu bəladan qorumaq üçün həyata keçirdiyiniz çoxşaxəli qabaqlayıcı tədbirlər öz bəhrəsini verir, ölkəmizdə bu dəhşətli virusa yoluxma hallarının məhdudlaşdırılmasına etibarlı təminat yaradır. Xalqımız bu həssas vaxtda hər bir insana qarşı qayğınızı hiss edir və dəyərləndirir. Hörmətli cənab Prezident, dünyada müxtəlif vaxtlarda baş verən iqtisadi böhranlar Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycanımıza təsirsiz olmuşdur. İnanırıq ki, Siz uzaqgörən siyasətinizlə xalqımızı çətin imtahan olan koronavirus bəlasından da uğurla çıxaracaqsınız. Azərbaycan xalqının rifahı naminə sərf etdiyiniz gərgin əməyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Ulu Tanrı Sizə yar olsun. Biz Sizinlə güclüyük!”. Bakıdan professor Dilqəm Quliyev yazır: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərə, əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə Sizə minnətdarlığımı bildirirəm. Siz çıxışlarınızın birində dediniz: “Burada biz iki amil arasında seçim etməliyik - iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır - insanların sağlamlığı”. Məhz bu seçiminiz bütün xalqımızı ruhlandırdı. Bu infeksiyanın sərhədlərimizə çatdığı ilk gündən Sizin təşəbbüsünüzlə Nazirlər Kabineti yanında Operativ Qərargah və Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Ölkəmizdə qısa müddətdə tibbi maska istehsalı müəssisəsi açıldı. Azərbaycanda koronavirusla mübarizədə işsiz şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsi, əhalinin həssas qrupuna aid tələbələrin təhsil haqqının dövlət hesabına ödənilməsi, tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi və digər tədbirlər bütün xalqımız tərəfindən bəyənilir. Həmçinin Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı insanları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir. Möhtərəm cənab Prezident, zaman göstərdi ki, əgər Siz vaxtında bu tədbirləri görməsəydiniz, indi bizi ölkəmizdə vəziyyət daha çətin ola bilərdi. Bu çətin günlərdə xalqa dəstək olduğunuza görə Sizə minnətdarlığımı bildirirəm. Xalqımız bir daha əmin oldu ki, dövlətimiz etibarlı əllərdədir. Biz ziyalılar da çağırışlarınıza qoşularaq evdə qalır, əmin olduğumuzu bildiririk ki, inşallah, xalqımız Sizin rəhbərliyinizlə bu sınaqdan da zəfərlə çıxacaq. Siz “Biz birlikdə güclüyük!” deyirsiniz, biz isə “Biz Sizinlə güclüyük!” deyirik. Xalqımızın fıravanlığı üçün yorulmadan çalışdığına görə Sizin ən yaxın silahdaşınız Mehriban xanım Əliyevaya da təşəkkür edirik”. Bakının Səbail rayonunun sakini Ruslan Abışov: “Möhtərəm cənab Prezident, mən “Azneft” İB-nin Bibiheybət Neft və Qazçıxarma İdarəsində çalışıram. Hazırda bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Sizin zamanında verdiyiniz müdrik və mühüm qərarlar, qabaqlayıcı tədbirlər və onların nəticəsi göz önündədir. Ulu öndər Heydər Əliyev demişdir: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. Bu şüara sadiq qalan neftçilər, səbirlə, fədakarlıqla sağlamlığımızın keşiyində dayanan həkimlər, asayişi qoruyan polislər günümüzün qəhrəmanına çevrildilər. Amma belə bir zamanda biz neftçilərə ən gözəl örnək, ən xeyirxah insan Siz oldunuz. Siz bu gün hər birimizə vətənpərvərlik, xeyirxahlıq, birlik, bərabərlik dərsi keçdiniz. Siz öz çıxışlarınızda daim vurğulayırsınız: “Gərək hər birimizin nəbzi Vətənin nəbzi ilə birgə vursun”. Bu ağır günlərdə də Sizin nəbziniz Vətənin və Vətən övladının nəbzi ilə bir vurdu. Əziz Prezidentimiz, biz əminik ki, Allahın köməyi, xalqımızın dəstəyi ilə bu ağır sınaqdan daha güclü və üzüağ şəkildə çıxacağıq. Çünki biz birlikdə güclüyük. Bu birlik Azərbaycanı zirvədən-zirvəyə aparıb, aparır və aparacaq”. Qaxın Cəlayir kəndinin sakini İmam Rəşidli: “Hörmətli cənab Prezident, Siz bu çətin günlərdə diqqət və qayğınızı bizdən əsirgəmədiniz. İnşallah, koronavirus bəlası bütün Azərbaycan xalqının başı üzərindən çəkilər. Mən buna tam inanıram. Çünki Sizin uğurlu və uzaqgörən siyasətiniz, gördüyünüz tədbirlər bunu deməyə əsas verir. Əziz Prezidentimiz, Allah Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı versin. Xalqımıza olan diqqətinizə görə Sizə təşəkkür edirəm. Allah amanında olasınız!”.

Digər xəbərlər