Siyasət

  • 16 843

Səməd Seyidov: Aİ Şurasının 11 may tarixli qərarı Avropadan Ermənistana növbəti zərbədir

image

Mayın 11-də Avropa İttifaqı (Aİ) Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı (ŞT) siyasəti ilə bağlı yekun qərarı dərc edilib.Avropa İttifaqına üzv dövlətlərin və Aİ Şurasının ŞT-nin gələcəyi ilə bağlı mövqeyini əks etdirən bu qərara dair şərh üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova müraciət edilib.Səməd Seyidov bildirib ki, hazırda dünyada baş verən və bir çox ölkələrin siyasi, iqtisadi nüfuzunu sarsıdan pandemiyanın informasiya gündəmini zəbt etməsi səbəbindən bəzi məsələlərə yetərincə diqqət yetirilmir. Lakin mayın 11-də Avropa İttifaqı Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı yekun qərarı diqqətdən kənarda qalan məsələlər sırasında deyil. Belə ki, bu qərar çox ciddi əhəmiyyət kəsb etməklə yanaşı, həm də Ermənistana, eləcə də onun destruktiv siyasətinə Aİ tərəfindən güclü bir zərbə kimi qiymətləndirilməlidir. Söhbət Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ölkələrlə Avropa İttifaqının münasibətlərinin tənzimlənməsi və gələcəkdə ŞT üzv dövlətlərinin növbəti Zirvə görüşündə qəbul olunacaq sənədlərə dair tövsiyələrdən gedir.Komitə sədri deyib: “Biz, Azərbaycan olaraq həmişə beynəlxalq təşkilatlarla münasibətlərdə qanunun aliliyinə, beynəlxalq qanunun, bu istiqamətdə Helsinki Yekun Aktının beynəlxalq sənədlərdə tətbiq olunmasına tərəfdar çıxmışıq. Azərbaycan olaraq heç bir siyasi konyekturadan asılı olmayaraq vahid yanaşma və ümumi beynəlxalq qanuna söykənən prinsiplərin mövcudluğunun əhəmiyyəti haqqında dəfələrlə çıxış etmişik və edirik. Məhz bu mövqe, bu yanaşma Aİ Şurasının 11 may tarixli qərarının 2-ci bəndində ŞT-nin siyasi və hüquqi əsasları, o cümlədən ən vacib fəaliyyət prinsiplərində əks olunur. Şura Avropa Qonşuluq Siyasətinin spesifik regional “ölçüsü” olan ŞT-nin strateji əhəmiyyətini bir daha vurğulayaraq, vahid demokratiya, rifah və sabitliyin ümumi məkanının qurulması ilə bağlı birgə öhdəliyi yenidən təsdiq edərək ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalara söykənən Aİ ŞT-nin əsas prinsiplərini təsdiq edir. Bu, sadəcə, sözlər deyil, bu, Aİ-nın Şərq Tərəfdaşlığı proqramında olan ölkələrlə münasibətlilərin tənzimlənmə prinsipləridir. Bu prinsiplər bu şəkildə təqdim edilirsə, bu, Azərbaycanın maraqlarına tam uyğundur, ermənilərə isə növbəti zərbədir”.Səməd Seyidov vurğulayıb ki, bu qərarda bir vacib məqama da diqqət yetirmək lazımdır. Paşinyan və onun ətrafında olan separatçılar uzun müddətdir ki, Qarabağ separatçılarının tərəf kimi danışıqlara cəlb olunmasına cəhd göstərirlər. Azərbaycan Prezidenti dəfələrlə bu siyasətin iç üzünü açaraq onun məntiqsizliyini dünya ictimaiyyətinə təqdim edib. Bu gün isə bu qərarla danışıqlar formatının razılaşdırılmış formada davam etdirilməsi Aİ tərəfindən bir daha təsdiq olunub. İndi özünüz qərar çıxarın, Aİ Şurası ali bir orqandır. Aİ hər hansı bir proqram, o cümlədən ŞT proqramına daxil olan ölkələrin ərazi bütövlüyünə müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşır. Bu, ilk növbədə, o deməkdir ki, bütövlüyü pozulmuş, münaqişə nəticəsində işğal olunmuş ərazilərin məsələsi həmin prinsiplər həyata keçirilməklə razılaşdırılmış formatda öz həllini tapmalıdır. İkincisi, bu, Azərbaycanın xarici siyasətinin dövlətimizin başçısının vurğuladığı məsələlərin bu beynəlxalq təşkilat tərəfindən dəstəklənməsi deməkdir. Nəhayət, Aİ Şərq Tərəfdaşlığının üzvü olan Azərbaycan ilə bütün sahələrdə geniş əlaqələr qurmaqda maraqlı olduğunu və bu əlaqələrin inkişaf etdirilməsinə səy göstərildiyini bəyan edib.“Bir sözlə, ərazi bütövlüyünü tanıyan, razılaşdırılmış formatda danışıqları aparan Avropa İttifaqı ilə əlaqələrin təşkil olunması Aİ Şurasının sənədlərində də öz əksini tapıb. Bu, Ermənistanın yalan, böhtan əsasında aparılan destruktiv siyasətinə böyük zərbədir. Biz bu istiqamətdə səylərimizi davam etdirməli və Avropa təşkilatlarında, beynəlxalq qurumlarda Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə müdafiə etməliyik”, - deyə Milli Məclisin komitə sədri bildirib.

yap.org.az

Digər xəbərlər